"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan artıq həll edilmiş Qarabağ münaqişəsi üzrə danışıqlara dair yayımlanan sənədlər barədə danışarkən deyib. O, bildirib ki, Ermənistan müxalifəti 2019-cu ilə aid sənədlərdə göstərilənləri Paşinyan hakimiyyətinin yeni təklifi kimi xarakterizə etsələr də, bu, tamamilə yanlışdır: "Orada göstərilənlər 2018-ci ilə qədər aparılan danışıqlara aid, yəni, keçmiş prezident Serj Sərkisyanın Ermənistana qoyduğu mirasın xülasəsi idi. Ermənistan tərəfi həmin sənədi rədd etməyib. Nikol Paşinyanın 2019-cu ildə bundan imtina etməsi barədə iddialar həqiqətdən çox uzaqdır və biz bunu qətiyyətlə təkzib edirik, belə bir şey olmayıb".
Ermənistan parlamentinin sədr müavini keçmiş prezidentin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubdan da danışıb. Ruben Rubinyan deyib ki, Sərkisyan həmin məktubu 2016-cı ilin avqustunda yazıb: "Çox güman ki, bu məktubla 2016-cı ilin variantına cavab verib. Serj Sərkisyan orada bildirirdi ki, bu, yaxşı variant deyil, Ermənistan qoşunlarının çıxarılmalı olduğu rayonların demilitarizasiya olunması zəruridir. Amma indi o, səsləndirdiyi iddialarını Putinə göndərdiyi məktubunda təkzib edib".
Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb. Sənədlər bunları əhatə edir: ATƏT-in Minsk qrupunun tövsiyələri (2019), Ermənistan Baş nazirliyinə namizəd Serj Sərkisyanın parlamentdə bəyanatları, Krakov sənədləri, Serj Sərkisyanın Vladimir Putinə məktubu, ATƏT-in Minsk qrupunun 2016-cı il üçün təklifləri, Rusiyanın təklif etdiyi paket, Kazan sənədləri, Madrid Prinsipləri, Mehri və Qarabağın mübadiləsi variantı, ATƏT-in Minsk qrupunun əhatəli tövsiyələri, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı, Budapeşt Zirvə Bəyannaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri.
Həmin sənədlərin dərcindən sonra Ermənistan ictimaiyyətində baş verənlər onu göstərir ki, Serj Sərkisyan vaxtilə Putinə yazdığı məktubda Qarabağ münaqişəsinin həllinə dair təklifləri boynundan ataraq məsuliyyəti hazırkı hakimiyyətinə üzərinə atmaq istəyir. Məhz buna görə də o, hər vəchlə 2019-cu il sənədləri, yəni Başinyanın dövrünə aid danışıqların üzərinə qayıtmağa çalışır. Halbuki Nikol Paşinyan 30 il ərzində davam edən danışıqların mənasız mahiyyətini və 44 günlük müharibədən sonrakı reallıqları nəzərə alaraq həmin sdənədlərin yayılmasına göstəriş verib.
Elxan SALAHOV