Bu sözləri təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Vətən müharibəsindəki qələbə və ötən il ərazi suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qərəzli siyasət geniş vüsət alıb.
"Tarixə nəzər salsaq, Azərbaycanın AŞPA-ya üzvlükdə məqsədi tapdanmış hüquqlarının bərpası, beynəlxalq hüququn təmin edilməsi olub. Bu qurum isə artıq öz mahiyyətindən uzaqlaşaraq ölkəmizə qarşı ədalətsiz yanaşma sərgiləyir. 30 illik işğal dövründə Azərbaycana qarşı edilən haqsızlıqları, tapdanan hüquqları görməzdən gələn AŞPA heç bir köməklik göstərmədi. AŞPA-dakı deputatlara insan haqları və vətəndaş hüquqları, ərazi bütünlüyü və sərhəd toxunulmazlığı prinsipləri bu qədər dəyərlidirsə, erməni işğalının davam etdiyi 30 il ərzində həmin şəxslər niyə susdular? Azərbaycanın yüz minlərlə məcburi köçkünün hüquqlarını bərpa etməsi isə təşkilat üzvlərini niyəsə narahat edib. Uzun illər heç bir addım atmayan AŞPA indi heç bir əsas olmadan Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləmir", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev əlavə edib ki, AŞPA-nın açıq qərəzli siyasəti eyni zamanda bu qurumun dünyada nufuzunu itirdiyini və siyasi dairələrin əlində alətə çevrildiyinin göstəricisidir.
“Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməzsə və ya səsvermə hüququ süni səbəblərlə, uydurulmuş ittihamlar əsasında məhdudlaşdırılarsa, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması qaçılmaz olacaq. AŞPA-da Azərbaycana qarşı qərarı dəstəkləyənlər anlamalıdırlar ki, onların qərəzli yanaşması nəticəsində Cənubi Qafqazdakı etibarlı tərəfdaşı itirəcəklər. Açıq-aydın görünür ki, AŞPA-dakı ermənipərəst üzvlər Azərbaycanın öz torpaqlarını azad etməsindən, yürütdüyü müstəqil siyasətdən ciddi narahatlıq keçirirlər”.
A.Qarayev vurğulayıb ki, Azərbaycanın müstəqil siyasəti, dəyişməz mövqeyi bir sıra Qərb dairələri tərəfindən qəbul edilmir, onlar müxtəlif təzyiq vasitələri ilə Azərbaycanın iradəsinə təsir etməyə çalışırlar.
"Həmin dairələr tərəfindən də qəbul edilməlidir ki, heç bir qərar, qətnamə, bəyanat Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Qərb dairələri də anlamadır ki, onların bu mövqeyi ilə Azərbaycan heç bir zaman barışmayacaq. Onlar nə qədər tez anlasalar ki, bu metodlar onlara heç bir fayda gətirməyəcək, o qədər yaxşıdır". (Trend)