Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında əsas vasitəçiyə çevrilməyə və Moskva-Bakı-İrəvan üçtərəfli danışıqlar formatına qayıtmağa çalışır.
"Vətən səsi" xəbər verir ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dünən keçirilən mətbuat konfransında Ermənistanla Azərbaycan arasında sülh prosesindən danışarkən söylədiyi fikirlər daha çox Moskvanın maraqlarını özündə ehtiva edir. Eyni zamanda onun açıqlamaları Nikol Paşinyanın regional siyasətdə uduzduğuna və Moskvanın arqumentləri qarşısında geri çəkilmək məcburiyyətində qaldığına işarədir: “Yanvarın 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Qərb ölkələri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur, Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlar Qərbin səylərindən daha perspektivlidir”.
İnstitutun təhlilində xatırladılır ki, bundan əvvəl Lavrovun müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanla görüşərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və üçtərəfli danışıqlar formatının aktivləşdirilməsini müzakirə edib: “Rusiya mənbələri hesab edirlər ki, Qaluzinin Arutyunyanla görüşü Ermənistan Baş naziri Nikol Paşinyanın təslim olmaq və Moskvanın önündə baş əymək istəyinin sübutudur. Amma Paşinyanın taktikası Rusiyanın özünü diplomatik tələyə çevrilə bilər”.
Elxan SALAHOV