Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxdığını elan edən separatçıların başçısı Samvel Şahramanyanı “siyasi meydan”dan uzaqlaşdırmağa çalışır.
"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın mətbuatı məlumat yayıb. “Hraparak” qəzeti yazır ki, Samvel Şahramanyan 44 günlük müharibə ilə əlaqədar Ermənistan parlamentində yaradılmış xüsusi komissiyada dindirildikdən sonra Paşinyan hakimiyyətinə bir az da yaxınlaşıb: "Amma onun hakimiyyətdə yüksək vəzifəli dairələrdə əlaqəsi yoxdur, münasibətlər o səviyyədə deyil. Çünki Şahramanyan Qarabağdan gələndən sonra Paşinyanın qəbuluna düşə bilmir. Söhbət “Qarabağ məsələsi”ni onun əlindən almağa çalışan orta səviyyəli hakimiyyət dairələrindən gedir. Hakimiyyətə nə qədər sədaqət andı içsə də, ona qeyd-şərtsiz etimad olmayacaq. Bu çevrələrin məqsədi Şahramanyanı oyundan uzaqlaşdırmaq və Samvel Babayanı Qarabağ ermənilərinin problemləri ilə əlaqədar tənzimləyici kimi önə çəkməkdir".
Məqalədə o da bildirilir ki, bu yaxınlarda Babayan və Şahramanyan Qarabağ ermənilərinin qayıtması məsələsini müzakirə etmək üçün görüşüb.
"Babayan yenidən qayıdış məsələsini həll etməyə çalışmaq üçün Azərbaycanla danışıqlar aparmaq səlahiyyətinin ona verilməsində təkid edib. Onun fikrincə, bu, işə yaramırsa, onlar Sünikdə (Zəngəzur) kompakt şəkildə yerləşdirilməlidir”, - deyə “Hraparak” qəzeti yazır.
Elxan SALAHOV