AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yay sessiyasında keçirilmiş sərbəst debatlardakı çıxışında deyib. Bildirib ki, Strasburq gah almanların, gah da fransızların olub. Arada da sərhədçilərin qoruduğu keçilməz sərhəd. Bu gün Strasburq və Keli tramvay xətti birləşdirir. Çox adam tanıyıram ki, Strasburqda yaşayır, Almaniyanın hansısa yaxın şəhərində işləyir, və ya hər hansısa almanın evi o tərəfdə ofisi buradadır. Mən Strasburqun yaxın yüzillərdəki taleyi ilə bağlı çox ibrətli olan bu məqamı həmişə xatırlayır.
“Bir neçə gün öncə mən Qarabağda idim. Bu gün rəsmən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, elə tarixən də həmin vəzifəni yerinə yetirmiş gözəl Şuşa şəhərində idim. Ora böyük beynəlxalq konfransın iştirakçıları ilə birgə növbəti səfər idi. Bakıdan təyyarə ilə əvvəlcə Füzuli şəhərinə uçduq, oradan isə Şuşaya avtobuslarla getdik. 30 il işğal altında qalmış ərazilər tamamilə xarabazara çevrilib, hər şey dağıdılıb. Ona görə xarici müşahidəçilər dəqiq bir ifadə ilə o yerləri müasir Xiroşima adlandırıb. Çünki bu cür dəhşətli viranəliklər elə yalnız nüvə müharibəsindən sonra yarana bilər. Lakin qısa müddətdə işğalçıların tamamilə yerlə yeksan etdiyi bu ərazilərdə nəhəng işlər görülüb, həyat yenidən dirçəlməyə başlayıb. Füzulidəki ən müasir Beynəlxalq hava limanı, 2020-ci ilin noyabrından, Azərbaycanın 44 günlük zəfər savaşından sonra salınmış yollar, elektrik stansiyaları və xətləri, gözəl tikililər qısa müddətə bu ərazilərin gözəlliyi ilə insanları heyran edən məkana çevriləcəyindən xəbər verir. Şuşadan və dağlardan Azərbaycanın indi ermənilər yaşayan digər şəhəri Xankəndi aydın görünür. Bu gün Xankəndi ilə Şuşa arasında rus əsgərləri dayanıb. Maşınımız sərhəd keçid məntəqəsinin yanı ilə irəliləyirdi. Gündəlik həyatları ilə məşğul ermənilər bizi görürdü, biz onları. Strasburqu düşünürdüm. Fikirləşirdim ki, gün gələcək, həm də o gün tez gələcək ki, o şəhərimizlə bu şəhərimiz arasında sülhməramlı, ya başqa cür adlanan əsgərlər dayanmayacaq. Demirəm ki, o şəhərimizlə bu şəhərimizi Strasburqda olan kimi tramvay xətti birləşdirəcək. Buralar dağlardır, burada relslər qoymaq, dəmiryol xətti çəkmək çətindir. Ancaq ümid edirəm, çox çəkməyəcək sülh addım-addım irəliləyəcək, gündəlik avtobuslar gediş-gəlişi bərpa olacaq. Əlbəttə ki, yaxın tarixdən dərs almayan, başqa cür düşünən, yeni münaqişə törətmək ehtirası ilə çırpınan revanşistlərin çırpıntısı özlərinə qalacaq.
Əminəm ki, 30 il davam etmiş silahlı münaqişənin ağrılarını öz talelərində duymuş və həqiqətlərə ayıq gözlə baxmağı bacaran ermənilər, azərbaycanlılar sülhdən gözəl seçim olmadığını yaxşı anlayırlar. Oralarda sabit qrafikli şəhərarası avtobusların işləyəcəyi gün uzaq deyil”,- deyə R. Hüseynov işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki quruculuq işlərindən danışıb. (AZƏRTAC)