23.12.2024, 03:40
AZ EN
27.10.2023, 16:45 213

Nazir: "Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir"

XƏBƏRLƏR
  • "Türkiyənin 100 illiyi təkcə qardaş ölkə deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyidir".

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, Türkiyənin beynəlxalq miqyasda uğurlu vasitəçilik rolunu günü-gündən artırdığını bildirib: "Türkiyə müxtəlif sahələrdə liderliyini bütün dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət həyata keçirən, beynəlxalq səviyyədə strateji tərəfdaşların sayını artıran dövlətə çevrilib. Bu gün qardaş ölkəmiz dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdəndir. Türkiyə uğurlu daxili və xarici siyasətləri ilə yanaşı, bütün dünyada böhranların həlli üçün müraciət edilən ölkədir”.

C.Bayramov qardaş Türkiyənin son yüz ildə çox çətin proseslərdən keçdiyini xatırladıb: "Türkiyə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşib, lakin bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edib".

XİN başçısı söyləyib ki, Türkiyə G20 ölkələri arasında iqtisadi artım sürətinə görə ilk beşlikdədir.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar sayəsində son 20 ildə Türkiyənin ixracatı 10 dəfə, Ümumi Daxili Məhsulu isə 2 dəfə artıb.

Türkiyə ordusunun dünyanın ən güclü ordularından biri olduğunu vurğulayan C.Bayramov bildirib ki, qardaş ölkənin müdafiə sənayesi hər kəsi heyrətləndirməyə davam edir və bu, Türkiyənin gücünə güc qatır.

Nazir Türkiyənin iqtisadi və elmi potensialı sayəsində yeni texnologiyalar ölkəsinə çevrilməsindən də söz açıb və əlavə edib ki, Türkiyə yeni texnologiyalar istehsal edən, tətbiq edən və ixrac edən bir dövlətə çevrilib: "İlk yerli elektromobil istehsalını nümunə kimi göstərə bilərik. Əldə olunan bütün nailiyyətlər Türkiyənin gözəl gələcəyinin təminatı olacağına əminəm". (Report)

Oxşar xəbərlər