13.07.2025, 22:15
AZ EN
17.10.2023, 16:37 297

Samvel Babayan həbs oluna bilər, Balasanyan isə...

XƏBƏRLƏR
  • Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” Samvel Babayanın Ermənistanın İctimai Televiziyasına verdiyi açıqlamalar əsasında cinayət işi başlanıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. “Azadlıq Radiosu”nun erməni xidmətinin yaydığı məlumatda bildirilir ki, Samvel Babayana qarşı iki maddə üzrə cinayət işi başlanılıb. Bunlardan biri “hərbi qulluqçuların səhlənkarlığı”, digəri isə “komandirin məcburiyyət olmadan istehkamları, hərbi texnikanı və ya digər döyüş vasitələrini təslim etməsi” maddələridir.

Xatırladaq ki, Babayan oktyabr-6-da verdiyi açıqlamalarda Ermənistan hakimiyyətini qondarma “Dağlıq Qarabağ Respublikası”nin “rəhbərliyini məsuliyyətə cəlb etməyə çağırıb. Ancaq Samvel Şahramanyan istisna olmaqla qondarma rejimin rəhbərliyində çalışmış şəxslər Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra həbs olunublar.  Azərbaycana qarşı ağır çinayətlər törətmiş həmin şəxslər barəsində cinayət işi qaldırılıb və hazırda onlar Bakıda istintaq altındadır. Elə buna görə də Babayanın səsləndirdiyi ittihamlar üzrə təqsirləndirilən şəxslər yoxdur. Əksinə, Ermənistanın Baş Prokurorluğu onun özünü həbs etməyə hazırlaşır.
 
Özünü buraxmış qondarma rejimin “təhlükəsizlik şurası"nın keçmiş katibi, Xocalı qatili Vitali Balasanyan isə həbs olunmaq təhlükəsindən qurtulub. Belə ki, Ermənistanda ona qarşı başlanmış cinayət işinin istintaqı dayandırılıb. Buna səbəb cinayət ittihamının olmaması göstərilir.
 
Balasanyanın vəkili Rafael Martirosyan erməni mətbuatına açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı olan Vitali Balasanyana qarşı irəli sürülən ittiham aktının əsassız olduğu istintaq orqanlarında təsdiqlənib. Məhz bunun əsasında cinayət işinin istintaqı dayandırılıb: “Bizim üçün işin icraatının davam etdirilməsi və məhkəmə istintaqının aparılması arzuolunan olardı. Çünki hesab edirik ki, başlanmış cinayət işi və ittiham əsaslı deyildi. Vitali Balasanyan şübhəsiz ki, Ermənistanın bütün məhkəmə instansiyaları tərəfindən bəraət alacaq. İcraatı həyata keçirən orqan cinayət təqibinə və icraata xitam verilməsi barədə qərar qəbul edib”.
 
Xatırladaq ki, bu ilin iyulunda Balasanyanın özü, oğlu, qardaşı və dayısı oğlu Qarabağdakı separatçı rejim tərəfindən Əsgəranda saxlanılmış, daha sonra hamısı azad edilmişdi. O zaman Balasanyan əvvəlcə “hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda” ittiham olunurdu. Sonra onun əmlak oğurluğu, qanunsuz silah və sursat saxlama, "hökumət nümayəndəsi"nə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq, narkotik vasitələrin saxlanması ittihamlarına gğrə saxlanıldığı üzə çıxmışdı.
 
Vitali Balasanyan Qarabağdan Ermənistana qaçdıqdan sonra Milli Təhlükəsizlik Xidmətində də şahid qismində dindirilib. Amma görünür, peşəkar cinayətkar bu dəfə "ustalıq" nümayiş edirərək törətdiyi cinayətin izlərini itirə bilib. Hələ ki, Ermənistanda Azərbaycanda isə...
 
Ermənistanda məhkəmə istintaqından qurtulan Xocalı cəlladının Azərbaycan həbsxanalarındakı yeri onu gözləyir. Qarabağda saxladıqları azərbaycanlı əsir və girovlara qarşı tətbiq etdiyi işgəncə üsulları ilə məşhur olan Vitali Balasanyanın da yolunun Bakıdakı təcridxanaya düşəcəyi uzaqda deyil. Hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın, Ruben Vardanyanın, Davit Babayanın, Arkadi Qukasyanın, Bako Saakyanın, David İşxanyanın və digərlərinin ifadələri əsasında onun da qandallanaraq Azərbaycana gətirilməsi hər an reallaşa bilər.
 
Elxan SALAHOV
Oxşar xəbərlər