"Vətən səsi" xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin separatçıların sonunci lideri Samvel Şahramanyanın xidməti avtomobilini növbəti dəfə müsadirə etmək istəyi İrəvanda gərginliyi artırıb. Komitənin əməkdaşları bir neçə gün əvvəl separatçıların İrəvandakı “nümayəndəliyinin” binasına yollansalar da, Şahramanyanı yerində tapmayıblar. Bununla belə, onlar qapıları qıraraq içəridəki avtomobili müsadirə ediblər.
Ermənistan hakimiyyətinə qarşı etirazlara liderlik edən “Vətən üçün Tavuş” hərəkatının rəhbəri, keşiş Baqrat Qalstyan isə buna cavab olaraq, öz avtomobilini Şahramanyana verib. Bütün bu məlumatların mediadan maksimum gizlədildiyi deyilir. Lakin Ermənistan mətbuatı özəl mənbələrə istinadən yazır ki, İrəvanda separatçılarla hakimiyyət arasındakı mübarizə yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə fiziki qarşıdurmanın olacağı da istisna edilmir.
Xatırladaq ki, ötən ilin sentyabrında özünün buraxmış qondarma rejimin sonuncu rəhbəri Samvel Şahramanyan Qarabağda baş verənlərə görə Baş nazir Nikol Paşinyanı günahlandırıb. O, iyunun 13-də Xankəndinin keçmiş qondarma “meri” Davit Sarkisyanın məhkəmə iclasından çıxarkən jurnalistlərə açıqlama verərək hakimiyyəti kəskin tənqid edib. Şahramanyan xidməti avtomobilinin Paşinyanın göstərişi əsasında müsadirə edildiyini söyləyib.
Elxan SALAHOV