19.10.2024, 17:21
AZ EN
12.10.2023, 10:39 349

Separatçı rejimin sabiq "naziri": "Arutyunyan çox böyük səhvlərə yol verdi"

XƏBƏRLƏR

“Mən nazir olanda da Azərbaycan nümayəndələri ilə fəal ünsiyyət var idi”.
 
"Vətən səsi" xəbər verir ki, bunu Qarabağda özünü buraxmış separatçı rejimin sabiq “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan İrəvanda tanınmış erməni telejurnalist Petros Qazaryana müsahibəsi zamanı deyib. Keçmiş "nazir" oktyabrın 11-də verdiyi müsahibədə indi 3 keçmiş lideri Bakıda həbsdə olan separatçı-terrorçu "hakimiyyət"in ciddi siyasi və taktiki səhvlərə yol verdiyini söyləyib.

Bir müddət Xankəndində "Soros" fondu ilə əməkdaşlıq etdiyinə görə həm də Ermənistanın baş naziri Nikol Paşinyanın "yaxın adamı" kimi tanınan Hayk Xanumyan jurnalistlə söhbəti zamanı bəzi sirləri də açıqlayıb. O, Qarabağdakı 44 günlük müharibədən və 2022-ci ilin sentyabrındakı sərhəd toqquşmalarından sonra Azərbaycan tərəfinin separatçı rejimin rəhbərliyində təmsil olunan bəzi şəxslərlə təmaslar qura bildiyini söyləyib. Hətta indi Bakıda həbsdə olan keçmiş lider Araik Arutyanla da belə bir görüşün olduğunu iddia edib: "Araik Arutyunyan Azərbaycan nümayəndəsi ilə görüşürdü. Onlar bir dəfə Qırmızı Bazarda görüşüblər, sonralar Suqovuşanda və Xankəndidə də belə təmaslar olub. Görüşlərin birində Azərbaycan nümayəndəsi prezident İlham Əliyevin sözlərini Arutyunyana çatdırıb və deyib ki, başqa ölkələrin liderlərinə arxalanmaqla heç nəyə nail ola bilməyəcək".

Hayk Xanumyan bildirib ki, separatçı rejim aprel ayında Laçın yolunda sərhəd keçid məntəqəsinin qurulmasının hansı nəticələrə gətirib çıxara biləcəyini düzgün proqnozlaşdırmayıb. Onun sözlərinə görə, Azərbaycan hökumətinin bu addımından sonra "blokada"nın aradan qaldırılması və "humanitar böhranın" həll edilməsi üçün aparılan kampaniyaların nəticəsiz qalması da Araik Arutyunyanın bacarıqsızlığını ortaya qoyub: "Arutyunyan Azərbaycan prezidentinin çağırışlarının ciddiyə almamaqla çox böyük səhvə yol verdi. O, eyni zamanda Qərbə, xüsusilə Fransaya çox inanırdı. Halbuki Azərbaycan prezidenti xəbərdarlıq etmişdi ki, ümidinizi Makrona, Baydenə, hətta Putinə bağlamayın, o adamların bu məsələdə heç bir təsiri ola bilməz. Gəlin oturaq, danışaq, razılığa gələk, məsələləri həll edək və irəli gedək. Amma onlar bunu etmədi və beynəlxalq dəstəyə arxalandılar. Əslində, Əliyev deyəndə ki, mesajlar verir, doğru deyirdi, lakin onlar heç nə başa düşmədilər”.

Elxan SALAHOV

Oxşar xəbərlər