19.10.2024, 17:19
AZ EN
16.10.2023, 21:20 260

Azərbaycan regionu böyük bəladan XİLAS ETDİ - Xanın kəndinə qayıdışı REALLAŞDI

XƏBƏRLƏR
  • Azərbaycan təkcə suverenliyini bərpa etmədi, eyni zamanda qaragüruh qüvvələrə qarşı təkbaşına savaşıb, tarixi qələbə qazandı. Nə 30 illik işğal dövründə, nə də son 3 ildə Azərbaycana təzyiqlər azalmadı ki, artdı. Ermənistanın işğalına haqq qazandırıb, Azərbaycanı tamamilə Qarabağdan təcrid etmək planını legitimləşdirməyə çalışanların ardı-arası kəsilmədi. Amma bu illər ərzində dövlət, xalq olaraq bütün bu çətinliklərə birgə qarşı çıxıb, birliyimizdən usanmadıq. Bu da nəticəsi...

Ona qarşı "Qarabağsız Azərbaycan" planı quranlara rəsmi Bakı son 20 ildə şeytanın (Ermənistan və ona züy tutan Qərb) da ağlına gəlməyəcək düzgün yol xəritəsi çizdi, bunu gerçəkləşdirmək üçün məsuliyyətli yola çıxdı. Bütün addımlarını, qərarlarını məhz Azərbaycanın suverenliyini, Qarabağın hər qarışına nəzarəti bərpa edib, mümkünsüz görünəni reallaşdırmağı qarşısına əsas missiya qoyan Prezident İlham Əliyev bunu çoxlarının gözləmədiyi bir məqamda reallığa çevirdi.

Ötən gün çoxdan gözlənilən Xankəndi, Xocavənd və Xocalı şəhərlərində, eləcə də Əsgəran və Ağdərə qəsəbələrində Azərbaycan bayrağını ucaltmaqla yeni bir tarixin əsasını qoyan dövlət başçısı xalqa müraciətində bu məqama xüsusilə toxundu: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".

Belə də oldu. Buna ən böyük şahid də məhz geridə qalan 20 illik tarixdir. Reallığı qeyd ediriksə, bunu mütləq qeyd etməliyik ki, 44 günlük müharibə bitəndən (2020-ci il 10 noyabr üçtərəfli bəyanatı) sonra Azərbaycan cəmiyyəti iki hissəyə bölünmüşdü. Şuşanın işğaldan azad olunması ilə Ermənistanı kapitulyasiya aktına imza atmasını Xankəndi, Xocalısız məğlubiyyətə bərabər adlandıranlara da rast gəldik.

Xüsusilə Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini və Xankəndi, Xocalı, Xocavəndin adının açıqlanmaması əsas müzakirə mövzusuna çevrilmişdi. Rusiyanın Qarabağda olduğu yerdə Azərbaycanın heç nə edə bilməyəcəyi iddialarını səsləndirənləri də gördük. Amma İkinci Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev informasiya savaşında Qərbin ermənipərəst mediası ilə təkbaşına savaşdığı bir ərəfədə Azərbaycan xalqına da hər fürsətdə mesajlar ötürürdü. Dövlət başçısının belə mesajlarından biri bu idi ki, "Mən nəyi, necə, nə vaxt etmək lazımdır, bilirəm".

Cəmi 3 il sonra Ali Baş Komandan yürütdüyü siyasətlə bir daha nümayiş etdirmiş oldu ki, onun heç bir addımı təsadüf olmayıb. Dünən xalqa müraciətində də bu məsələni xatırladan Prezident İlham Əliyev məhz diqqəti yenidən həmin açıqlamaya yönəldib: "Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında".

Bəli, bu, yuxu deyil, reallıqdır. Özü də elə bir reallıq ki, düşmənə qorxu, dosta güvən verəcək tarixi gerçəklik. Ali Baş Komandan bir daha bu tarixlə dünya erməniçiliyini, işğalı, separatizmi dəstəkləyənlərə çox tutarlı mesaj verdi. Ölkə başçısı göstərmiş oldu ki, verdiyi sözü, mütləq şəkildə reallaşdırmağa qadir azsaylı siyasi liderlərdən biridir.

Azərbaycan Qarabağda separatizmin kökünü kəsərək, öz müqəddəratını özünün həll etməsi ilə təkcə bölgəni deyil, bütün regionu və region dövlətlərini "Böyük Ermənistan" kimi bir bəladan xilas etdi. Bu səbəbdən Azərbaycan ordusunu və bu orduya rəhbərlik edən Ali Baş Komandanı xilaskar adlandırmaq üçün yetəri qədər əsaslar var.

Bunu da mütləq şəkildə nəzərə almaq lazımdır ki, Azərbaycan əraziləri işğala məruz qalan digər dövlətlər kimi beynəlxalq təsisatlardan, Qərbdən, okeanın o tayından eyni münasibəti görməyib. İkili standartlar məsələsi Azərbaycanın Qarabağ mövzusunda özünü bütün çılpaqlığı ilə nümayiş etdirirdi. Bəlkə də dünyada belə bir ərazi problemi, işğal predmeti olmayıb. Qarabağ yeganə məsələ idi ki, bütün cəbhələrdə toqquşan tərəflər – Rusiya və Qərb bu məsələdə birləşir, ortaq nöqtədən – erməni marağından çıxış edirdi.

Belə bir şəraitdə, belə bir situasiyada Prezident İlham Əliyevin rəhbəri olduğu xalq, dövlət və ordu bir yumruq kimi birləşərək inanılmazı - Qarabağın hər qarışında suverenliyini bərpa etdi, separatizmin kökünü kəsdi, "böyük Ermənistan" xülyasını cəhənnəmə göndərdi. Baxmayaraq ki, əslində 3 il sonra buna nail olmaq inandırıcı kimi görünmürdü. Bunun səbəbləri də çox idi, ən böyük maneə kimi isə Rusiya faktoru qeyd edilirdi. Amma rəsmi Bakının düşən fürsətləri düzgün qiymətləndirməsi, prosesləri çox dəqiqliklə analiz etməsi və anında lazımi qərarlar qəbul etməsi bizə bu qələbənin də dadını duymağa imkan verdi.

Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı və ilk dəfə Prezident seçilməsinin ildönümündə suverenliyimizi bərpa etdi. Yaxşı olar ki, Ermənistan indən belə bütün diqqətini məhz Azərbaycanla sülh sazişinin imzalanması məsələsinə diqqət ayırsın, bir daha işğal planları qurub, revanş fikrinə düşməsin. Əks təqdirdə Ermənistan üçün çox böyük faciələr qaçılmaz olacaq. Azərbaycanın yaratdığı geosiyasi reallığı dəyişmək cəhdi nəyinki rəsmi İrəvan, onun hamiləri üçün də müşkülə çevriləcək. İtirən isə Ermənistan olacaq. Nikol Paşinyan hakimiyyəti konstruktiv nümayiş etdirməzsə, nəyi, harada, necə itirəcəyini isə regionun əsas siyasətçisinin dilindən növbəti dəfə eşitməli olacaq. (Trend)

Oxşar xəbərlər