“Yerli ermənilərin reinteqrasiyası Azərbaycan dövlətinin prioritet mövzusuna çevrilib” sərlövhəli məqalədə Qarabağ bölgəsində baş verənləri Ermənistanın imitasiya edərək dünya birliyinə sırımaq cəhdindən bəhs olunub.
Məqalədə yazılır ki, BMT-nin missiyası bu günlərdə Azərbaycanın Qarabağ bölgəsinə, o cümlədən Xankəndi şəhərinə səfər edib. “Bu, bir günlük səfər idi, lakin onlar çox şey gördülər. Həmkarlarımıza son atəşkəsdən sonra nə yerli əhalidən, nə də başqalarından mülki şəxslərə qarşı zorakılıq barədə məlumat daxil olmayıb”, - deyə BMT-nin mətbuat xidmətinin bəyanatında bildirilir. Missiyanın məqsədi yerlərdə vəziyyəti qiymətləndirmək, həm Qarabağda qalan, həm də bölgəni tərk edən insanların humanitar ehtiyaclarını müəyyən etmək olub.
Müəllif Qarabağ bölgəsində reinteqrasiya işlərinin şəffaf aparıldığını, ermənilərə qarşı hər hansı zorakılığın qeydə alınmadığını yazır. Bildirir ki, Qarabağı könüllü tərk edərək Ermənistana gedən erməni əsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılıb. Onlara qarşı heç bir zorakılıq edilməyib. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib, oradakı sakinlərə ərzaq və tibbi yardım göstərir.
Yerli ermənilərin reinteqrasiyası Azərbaycan dövlətinin prioritet mövzusuna çevrilib. Azərbaycan yenə sülh əlini uzadıb və buna davam edəcək. Azərbaycan vətəndaşı olan ermənilər digər etnik xalqlar kimi bütün imtiyazlara, Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş hüquqlara sahib olacaqlar. (AZƏRTAC)