Bunu deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, regionda baş verən proseslər, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün Cənubi Qafqazda sülhün təmin olunması üçün bizim ölkəmiz kifayət qədər ciddi səy göstərir.
“Təsadüfü deyil ki, COP29 gündəliyinə daxil edilmiş 14 böyük təşəbbüsdən biri də məhz sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, biz COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndiririk. Ona görə də tədbirin gündəliyinə sülh mövzusunun daxil edilməsi təsadüfi deyil.
Azərbaycan dövləti COP29 konfransının ən yüksək səviyyədə təşkil etmək üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə biz 198 ölkənin yekdil dəstəyini aldıq. Bu bizim ölkəmizə, cənab Prezidentin siyasətinə dünyada olan yüksəık etimadın göstəricisidir.
Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik.
COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çox ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bildiyiniz kimi, konfrans çərçivəsində Parlamentlərarası İttifaq tərəfindən xüsusi iclas da təşkil olunacaq. Azərbaycan Milli Məclisi parlament görüşünün yüksək səviyyədə təşkili ilə bağlı üzərinə düşən bütün məsələləri operativ şəkildə həll edir”, - deyə deputat əlavə edib.
O bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir.
“COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Bizim başlıca amalımız bütün dövlətlərin yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaqdır. Azərbaycan evsahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq əzmindədir.
Qlobal əhəmiyyətli mövzularda beynəlxalq birliyin məsuliyyətli üzvü kimi daim ümumi işə töhfə verməyə çalışan ölkəmizə qarşı haqsız ittihamlar bizi yolumuzdan döndərə bilməz. Azərbaycan bütün tərəfdaşları ilə münasibətləri kifayət qədər açıq və şəffaf şəkildə qurur. Biz inanırıq ki, Bakıda keçirləcək konfrans iqlim dəyişiklikləri ilə mübarizı tarixində yeni bir səhifə olacaqdır”, - deyə deputat vurğulayıb. (Trend)