Bunu Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə deyib.
O, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması ilə bağlı dialoq aparıldığını, qısa müddət ərzində Azərbaycan nümayəndələri ilə artıq Qarabağın erməni icmasının nümayəndələri arasında iki görüş keçirildiyini bildirib.
S.Qafarova deyib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır: "Onların bütün hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəlikləri çərçivəsində təmin ediləcək. Heç kim onları Qarabağdan getməyə məcbur etmir. Əgər kimsə getmək istəyirsə, bu, onun azad seçimidir və Azərbaycan onların hərəkət azadlığını və təhlükəsizliyini təmin edir".
Milli Məclisin sədri görüşdə həmçinin, Azərbaycanın Qarabağın bu ərazisində infrastrukturun bərpasına başladığını, həmçinin sakinlərə ərzaq, dərman, yanacaq daxil olmaqla humanitar yardım göndərdiyini, Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın və Ağdam yolları ilə yardımlar apardığını bildirib. (Report)