22.11.2024, 08:59
AZ EN
17.08.2023, 19:00 249

Fəzail İbrahimli: Güclü Azərbaycan öz haqqını dünyaya qəbul etdirdi

XƏBƏRLƏR
  • Azərbaycanın tam hərbi Qələbəsi ilə başa çatan 44 günlük savaşdan, baş nazir Nikol Paşinyanın imzaladığı kapitulyasiya aktından sonra üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistanın bütün diplomatik və hərbi separatçılığı uğursuzluqla nəticələnir və ermənilər istədiklərinə nail ola bilmir, fiasko ilə üzləşməli olurlar.

Azərbaycanın yaratdığı yeni reallıqları bütün dünyanın qəbul etmək məcburiyyətində olduğuna Ermənistan tərəfi hər dəfə şahid olur, amma görünür, ermənilər hər dəfə uğradıqları uğursuzluqdan, fiaskodan dərs ala bilmirlər. Son olaraq avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın haqlı olduğu bir daha sübuta yetirildi. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədi. Ermənistanın və havadarlarının hay-küyü, yalan, əsassız iddiaları, dünya ictimaiyyətini aldatmaq cəhdi yenidən uğursuzluğa düçar olmaqla yanaşı, rəsmi İrəvanın ikiüzlülüyü də isbatlandı.

Bu fikirləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli açıqlamasında deyib.

Ötən il dekabrın 20-də də Ermənistanın oxşar məsələ ilə BMT Təhlükəsizlik Şurasına müraciət etdiyini xatırladan F.İbrahimli bildirib ki, həmin vaxt Təhlükəsizlik Şurası ermənilərin təklifini müzakirə etmiş, ancaq onların iddialarını yetərli saymamışdı. Bundan dərs götürməyən, haqsız mövqeyini dəyişməyən erməni diplomatiyası Laçın yolu ətrafında əsassız ajiotaj yaratmağa cəhd göstərdi, ondan siyasi şou düzəltməyə çalışdı. Ancaq BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndələr məsələyə daha məntiqli yanaşdılar. Müzakirələrə qədər də bəlli idi ki, Ermənistanın hamilərinin dəstəyi ilə Azərbaycana müxtəlif istiqamətlərdə “hücum” planı nəticəsiz qalacaq. Baxmayaraq ki, Laçın yolunun başlanğıcına yaxın ərazidə Ermənistana məxsus yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərinin təxribatçı açıqlama və müraciətləri, nəhayət bu təxribatların ən piki - BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələr vahid ssenarinin tərkib hissəsi kimi rəsmi Bakını geri oturtmaq məqsədi daşıyırdı. “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik” mövzusunda fəaliyyət planı hazırlamış Ermənistan və hamilərinin məqsədi təbii ki, faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləmək məqsədi güdürdü. Lakin Azərbaycan bir daha hərb meydanında olduğu kimi diplomatik müstəvidə də erməniləri və erməni sevdalılarını geri oturtmağı bacardı.

Parlament sədrinin müavini vurğulayıb ki, erməni şovinizmi dünya birliyinin 30 il Azərbaycanın haqq davasına susqunluğunu hələ də xəyalında saxlayıb yenə öz ampulasında qalır. Ancaq bölgədəki geopolitik durum, tərəflərin güc balansı və beynəlxalq güclərin baxış bucağı xeyli dəyişib. Regionda Azərbaycanın təhlükəsizlik, dünyanın enerji təchizatındakı rolu, əməkdaşlıq və sülh istiqamətində atdığı addımlar fərqli situasiya yaradıb. Bu gün birmənalı şəkildə bölgənin söz sahibi Azərbaycandır. ABŞ, Böyük Britaniya, Rusiya, Çin kimi dünya gücləri, Avropa İttifaqı kimi beynəlxalq təşkilat, BMT-dən sonra ən çox dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı nəinki Ermənistanın yalan və hiylə dolu bəyanatlarına, dezinformasiyalarına, məzlum görüntülərinə inanmır, həm də açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Artıq beynəlxalq ictimaiyyət ermənilərin “yazıq, məzlum” sifətini görməkdən bezib. Odur ki, ermənilərin və havadarlarının bu “klassik” roldan çıxması zamanıdır. Çünki onların riyakarlıq maskası tamam yırtılıb. BMT Təhlükəsizlik Şurasının son iclasında beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bir daha nümayiş etdirdi. Nəticə etibarı ilə BMT Təhlükəsizlik Şurasının müzakirələri çərçivəsində Ermənistanın Qarabağda “aclıq şousu” təqdimatı ilə çağırdığı fövqəladə iclası nəticəsiz bitdi. Ermənistanı belə geniş ictimaiyyətə bu qədər riyakar, manipulyator və təcavüzkar ölkə kimi təqdim etmək üçün rəsmi Bakı bütün imkanlarından istifadə etdi. İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əksəriyyətini ağıllandırmadısa, özlərinin istəyi ilə BMT Təhlükəsizlik Şurasında təşkil edilən toplantının nəticələri ermənilər üçün növbəti siqnal olmalıdır. Bugünkü reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünən Ermənistan hakimiyyəti, lobbi təşkilatları və havadarları gec də olsa dərk etməlidirlər ki, rəsmi İrəvan daha böyük fiasko ilə qarşı-qarşıya qala bilər. Bu müzakirələrin yekunu həm də onu təsdiqlədi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir. Bununla Ermənistanın və separatçıların tör-töküntülərinin diqqətinə çatdırılır ki, ermənilərin Laçın yolunu “dünya birliyi ilə əlaqə yolu” sayması səhvdir. Ərazi Azərbaycanındır, yolu da o müəyyən edir. Dünya Qafqaz və bütövlükdə bölgə ilə bağlı Azərbaycanla hesablaşır və diktə edən tərəf rəsmi Bakıdır. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR