01.05.2025, 04:43
AZ EN
24.05.2022, 15:00 402

Prezidentə Müstəqillik Günü münasibətilə təbrik məktubları

XƏBƏRLƏR
  • Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin ünvanına dövlət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən təbrik məktubları gəlir. Onları təqdim edirik.

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovadan:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Slovakiya xalqı adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Hazırda dünya bir çox problemlərlə - davam edən pandemiyanın təsirləri, iqlim dəyişikliklərinin fəsadları, müxtəlif hibrid təhdidlər, eləcə də azadlıq, bərabərlik, demokratiya və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə təhlükə yaradan bir sıra münaqişələrlə üz-üzədir.

Başa çatmaqda olan pandemiya və iqlim dəyişikliklərinin artan təzahürü ilə yanaşı, dünya beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslı şəkildə dəyişdirilməsi nəticəsində çətin vəziyyətlə üzləşir. Rusiya ilə yaxın qonşumuz olan Ukrayna arasında hərbi münaqişə bütövlükdə beynəlxalq ictimaiyyətə kəskin təsir göstərib. Münaqişə nəticəsində qaçqın düşən milyonlarla insan, çox sayda qurbanlar və böyük maddi itkilər hazırda Avropada təsəvvürə gətirə bilməyəcəyimiz mənzərələr yaradır. Bu çağırışların cavabı beynəlxalq həmrəyliklə yanaşı, həm də çoxtərəflilik dəyərlərinə qayıtmaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməkdir.

Hörmətli cənab Prezident, inanıram ki, əməkdaşlığımız ölkələrimizin xalqlarının mənafeləri naminə müxtəlif sahələrdə daha da inkişaf edəcəkdir.

Sizə və ölkənizin bütün vətəndaşlarına sülh, sabitlik, firavanlıq və demokratik inkişafın davam etməsini arzulayıram.”  

***

Çex Respublikasının Prezidenti Miloş Zemandan:

“Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

***

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.”

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan çoxillik əlaqələri yüksək qiymətləndirir, qarşıdakı illərdə də dost xalqlarımızın ümumi mənafeyi naminə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində maraqlı olduğumu vurğulamaq istəyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına isə daha xoşbəxt və firavan gələcək diləyirəm.”

***

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevdən:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dövlətinizin gücləndirilməsində, xalqınızın rifah halının yaxşılaşdırılmasında, ölkənizin beynəlxalq aləmdə təşviqində Sizin töhfələriniz olduqca böyükdür. Qardaş Azərbaycanın və onun xalqının Sizin rəhbərliyinizlə bundan sonra da inkişaf etməsini arzulayıram.

Ölkələrimiz arasında mehriban qonşuluğa və ümumi mənəvi ənənələrə söykənən münasibətlər Sizinlə birgə əməkdaşlığımız nəticəsində strateji səviyyəyə yüksəlib və hərtərəfli inkişaf etməkdədir.

Əminəm ki, ölkələrimiz arasında münasibətlər Sizin fəal səylərinizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Qarşılıqlı etimada və hörmətə söykənən şəxsi münasibətlərimizi yüksək dəyərləndirərək, həmin münasibətlərin bundan sonra da davam edəcəyinə əminəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsul vəzifənizdə uğurlar, nəcib təşəbbüslərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.”

***

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən:

“Möhtərəm cənab Prezident.

Sizi Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizi qoruyub saxladı, ölkəyə barış və inkişaf gətirdi. Siz Heydər Əliyev siyasətinə yeni nəfəs gətirərək Azərbaycanda dünya əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail oldunuz. Bu gün Sizin apardığınız siyasət nəinki ölkəmizin, eyni zamanda, regionun inkişafına yönəldilmişdir. Enerji sahəsində həyata keçirdiyiniz və nəqliyyat sektorunda təklif etdiyiniz layihələr nəinki region, eyni zamanda, Avropa üçün önəm daşıyır.

Sizin bu günlərdə Brüsseldə keçirdiyiniz görüşlər ölkəmizin tarixində yeni bir mərhələ açdı. Siz dünyaya bir daha göstərdiniz ki, Azərbaycan sülhsevər ölkədir və onun ərazi bütövlüyü heç vaxt müzakirə predmeti ola bilməz.

Sizin Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyiniz siyasət ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Bu istiqamətdə apardığınız fəaliyyətdə Sizə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.”

Oxşar xəbərlər

SON XƏBƏRLƏR