Siyasətin strategiyaya, taktikanın planlaşdırmaya məğlub etdirən yeni düzən fərqli yanaşma tərzi, fitri istedadı və strateji duyumu özündə ehtiva edən davranış modelini tələb edir.
Postsovet məkanı ölkələrinin tam əksəriyyətinin hökumət və dövlət başçıları bu sınaqdan keçə bilmədilər, indi də imtahanda vurnuxan tələbələr təki sporadik hərəkətlər edərək irəliləmək əvəzinə, geriləyirlər.
Azərbaycan sadəcə, Cənubi Qafqazda yox, postsovet məkanında Baltikyanı dövlətlərlə birlikdə neostrategiya modelini nümayiş etdirir.
Balanslaşdırılmış xarici siyasət, ölkənin maraqlarının və dövlətin mənafelərinin ümdə məram bilinməsi, regonal liderlik uğrunda sivil mübarizə, bütün qonşularla rəvan və üfüqi əlaqələr, böyük güclərlə beynəlxalq təşkilaların marionetkası olmamaq üçün dəqiq hesablanmış addımların atılması - bütün bunlar suverenlik, müstəqillik və azadlıq təki üç kəlmənin reallaşmış təzahürü sayıla bilər.
Hakimiyyət-biznes tandeminin psevdoelitalarının istəklərinin vətəndaşların tələbatı və sosiumun çağırışlaır ilə tərs mütənasiblik təşkil etdiyi dövlətlər təbii ki, mütləq şəkildə asılı duruma djüşürlər.
Səbəb mövcud problemlərə siysi qüvvələrin indifferent münasibətinin olmamasıdır.
Azərbaycan fərqlidir, çünki gücü özündən, xalqının potensialından və dövlətin struktur məzmunundan alır.
Prezident İlham Əliyevin Şuşada "Euronews"a müsahibəsində bəhs olunan məqamlar refren təki təkrarlandı.
Elə həmin şəhərdə, Azərbaycanın mədəniyyət paytaxtında bir müddət əvvəl Qlobal Media Forumda jurnalistlərin suallarını cavablayan dövlət başçımız bilavasitə kommunikativ təmasa üstünlük verdi.
Əvvəlcədən hazırlanmış suallara elə o tipli cavablar verməyi sevən bir sıra dövlət başçılarından fərqli olaraq, İlham Əliyev qətiyyət, intellekt, müstəsna dünyagörüşü, dərin analitik təhlil qabiliyyəti və ən əsası xalqla hakimiyyət arasında əsl sinergiya yaratmış əsl liderlik məziyyəti ilə media mənsublarının dərin rəğbət bəslədiyi siyasətçi, dövlət xadimidir.
Azərbaycanda yaşayaraq bunu sezmək çətindir - amma İlham Əliyev Avropa miqyaslı siyasətçidir və qlobal geosiyasətdə də əhəmiyyətli çəkiyə, siyasi nüfuza və şəksiz sayğıya malikdir.
Şuşadakı əcnəbi media mənsubları ilə yanaşı, siyasi analitiklərin yekdil mövqeyi belə idi: "İlham Əliyev sözləri ilə əməlləri arasında antaqonizm yoxdur".
"Euronews"a müsahibədə suallara verilən cavablar da Azərbaycan liderinin regional siyasətlə yanaşı, bölgədə formalaşdırdığı yeni reallıqları qrossmeyster məharəti ilə hesaba alaraq idarə edən müstəsna siyasətçi olduğunu bir daha nümayiş etdirdi.
Postsovet məkanındakı həmkarlarından fərqli olaraq, İlham Əliyev "qızıl milyard" sayılan inkişaf etmiş dövlətlərin siyasətindəki nöqsanlarla ikili standartları açıq səsləndirir, beynəlxalq hüququn seçimli interpretasiyasının yolverilməz olduğunu vurğulayır. O, beynəlxalq hüququn beynəlxalq qaydalara çevrilməsinin yolverilməzliyini açıq bəyanq edir.
"İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik", - İlham Əliyev tamamən haqlı olaraq soruşur və sualın ritoriklik dərəcəsinin həddən aşağı olduğunu hər birimiz anlayırıq.
Əslində bəyanat sualları səsləndirən jurnalistə yox, Azərbaycana qarşı təzyiq cəhdlərinə əl ataraq ikili, üçlü və hətta dördlü standartları işə salan Qərb liderlərinə ünvanlanıb.
44 günlük İkinci Qarabağ Müharibəsində qalib gələrək zəfər çalmış ölkənin lideri kimi o, xalqının və dövlətinin gücünə, dəstəyinə, hakimiyyətlə vətəndaşların münasibətlərinin homogenliyinə arxayındır.
Məhz bu güc və iradə İlham Əliyevin məğlub edərək kapitulyasiyaya düçar etdiyi ermənilərlə humanist davranışının, şəfqətli yanaşmasının əsasını təşkil edir.
Ermənilərə xitabən o, dedi: "Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm".
Azərbaycan Ermənistanla normal münasibətlər qurulmasında, bölgəmizdə sülhün və stabilliyin bərqərar olmasında maraqlıdır. Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib.
Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi.
İlham Əliyev müsahibəsində dedi: "Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik".
Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealda yaşayan qarabağlı ermənilərə gəldikdə isə, onlar Azərbaycana reinteqrasiya olmaq istəməsələr, vəziyyətləri daha da pisləşəcək.
Onlara vədlər verənlər də qarabağlı ermənilərdə boş illüziyalar, xam xəyallar yaradır, separatizmi dəstəkləyirlər.
Ermənilərə görə heç bir ölkə Azərbaycanla açıq qarşıdurmaya, sərt konfrantasiyaya keçməyəcək. İllah da ki, ermənilər üçün kimsə döyüşməyəcək.
İlham Əliyev də separatçılara hökm, adi və orta statistik ermənilərə isə şans verir. O, söyləyib: "Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu "liderlər", - hazırkı və bundan əvvəlki "liderlər", - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər".
Gerçəkdən də, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya "prezidenti", "nazirləri", "parlamentariləri" olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik.
Azərbaycan Prezidenti onlara səfalətdən, zillətdən və sabaha ümidsizlikdən qurtuluş vəd edir.
İlham Əliyev bütün vədlərini yerinə yetirir.
Bunu ermənilər də bilir.
Onlar son şanslarını dəyərləndirməlidirlər.
Vaxt da imkanlar kimi sürətlə hərəkət edir.
Ermənilər bunun fərqinə varsınlar, çünki gerçəklərin siyasətlə kvintessensiasını İlham Əliyev müsahibəsində yetərincə geniş və sadə şəkildə anlatdı. (Trend)