Bu barədə ABŞ bürosuna açıqlamasında KMSAC-nin nümayəndəsi, qurumun prezidentini təmsil edən Oriyan Tçolu deyib.
O. Tçolu bildirib ki, Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq KMSAC nümayəndələri BMT-nin Dekolonizasiya üzrə Birinci Komissiyasının iclasında çıxış edərək Kanakinin vəziyyəti ilə bağlı mövqeyini təqdim ediblər:
"Biz vahid bəyanatımızı simvolik tarixdə - 24 sentyabr 2025-ci ildə elan etmişik. Bu tarix Yeni Kaledoniyanın Fransa tərəfindən müstəmləkələşdirilməsinin başlanğıc tarixinə - 24 sentyabr 1853-cü ilə təsadüf edir. Bu bəyanatı KMSAC-nin prezidenti Kristian Teyinin rəhbərliyi ilə protestant kilsəsinin nümayəndələri, antikolonializm assosiasiyası və KMSAC üzvləri ilə birlikdə ictimaiyyətə təqdim etdik".
KMSAC nümayəndəsi bildirib ki, bəyanatda ölkənin tam suverenliyinə nail olmaq öhdəliyi bəyan edilib və bu, idarəçi dövlətlə aparılan danışıqlar çərçivəsində həyata keçiriləcək:
"Biz həmçinin 2025-ci ilin noyabr ayına qədər əyalət seçkilərinin keçirilməsinin vacibliyini vurğulayırıq ki, xalqın nümayəndələrinin legitimliyi bərpa olunsun".
"Biz inklüziv, həmrəy və davamlı sosial layihənin inkişafı üçün şərait yaratmaq öhdəliyini də üzərimizə götürürük. Bu layihə həm adət-ənənə legitimliyini, həm də yerli rəhbərlərin suverenliyini, vətəndaş cəmiyyətini, dini və adət-ənənə rəhbərlərini nəzərə almalıdır. Biz həmçinin ölkənin firavanlığına, inkişafına və Sakit okean regionunda uzunmüddətli sabitliyə töhfə vermək üçün milli birliyin təməlini qoymaq öhdəliyimizi bildiririk. Biz elan edirik ki, müstəqillik üçün lazım olan şərtlər yerinə yetirildikdə 2027-ci il prezident seçkilərindən əvvəlki son gün müstəqillik rəsmi şəkildə bəyan ediləcəkdir. Biz bu bəyanatın imzalanmasında iştirak edən və onun istiqamətini bölüşən təşkilatlarla birgə fəaliyyətimizi davam etdirməyə sadiqik", - Oriyan Tçolu vurğulayıb. (Report)