Bunu Ermənistanın Qarabağın erməni sakinlərinin reinteqrasiyasına mane olmasına etiraz edən xarici QHT-lərin birgə bəyanatını imzalayanlardan biri olan Keniyanın İlkin Vətəndaş Təşkilatları Konsorsiumunun Vətəndaş Cəmiyyəti Təşkilatının rəhbəri Eliud Emeri deyib.
O qeyd edib ki, Azərbaycan çoxmillətli dövlətdir ki, burada bütün milli azlıqlar, o cümlədən ölkədə yaşayan ermənilər üçün bərabər imkanlar yaradılıb.
“Onlar dinc əhaliylə birgə yaşaya və işləyə bilərlər”, - o bildirib.
E.Emeri əlavə edib ki, Laçın yolu Azərbaycanın suveren ərazisindədir və Beynəlxalq Məhkəmənin iyulun 6-da qəbul etdiyi qərar bunu bir daha təsdiqləyir. Yəni Azərbaycanın sərhəddə keçid məntəqəsi yaratması onun suveren hüququdur.
"Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də bu yaxınlarda Ağdam-Xankəndi yolunun istifadəsini dəstəklədiyini bildirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi də humanitar yardım üçün bu etibarlı və əlverişli yoldan istifadə etməyə hazırdır”, - QHT rəhbəri bildirib.
Onun fikrincə, beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan nəinki blokada yaratmır, əksinə, yardım təklif edir: “Ermənistan 30 ildən artıqdır ki, Naxçıvanı blokadada saxlayan və onunla Azərbaycanın digər əraziləri ilə birbaşa əlaqəyə mane olan bir ölkədir”. (Report)