23.12.2024, 15:49
AZ EN
13.07.2023, 21:10 336

Əsas hədəf Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, hərbi gücümüzün artırılmasıdır - Vüqar Rəhimzadə

XƏBƏRLƏR
  • İki ildən artıqdır ki, günümüzün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma torpaqlara Böyük Qayıdışının təmin olunmasıdır. Ermənistan üzərində tarixi Zəfərdən dərhal sonra bərpa işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atan Azərbaycan hazırda özünün təkmil dirçəliş modeli ilə diqqətdədir. İşğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Dövlət başçısı İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha diqqəti əldə olunan nəticələrə yönəldərək onların fonunda qarşıda duran hədəfləri açıqladı.

Bildirildi ki, əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsidir. Bütövlükdə altı ayda iqtisadiyyatımız inkişaf edib. Qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artıb. Ölkəmizin iqtisadi qüdrətinin artması maliyyə imkanlarının genişlənməsi ilə müşayiət olunur. Maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və sair kimi amillər büdcəyə yenidən baxılmasını şərtləndirdi. Hazırda dövlət büdcəmizin 36 milyard manatdan çox olması ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Büdcədən ayırmalarda müdafiə xərcləri daim öndə dayanır. Son iki ildən artıq dövrdə bu ayırmalarda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə vəsaitlərin yönəldilməsi xüsusi yer tutur. Ümumilikdə bütün bölgələrimizdə infrastruktur layihələri uğurla həyata keçirilir. Bu, ondan irəli gəlir ki, qeyri-neft sektorunun inkişafı, bölgələrin tərəqqisi həyata keçirilən iqtisadi siyasətin əsasını təşkil edir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin iqtisadi imkanlarının artması digər sahələrdə də mühüm addımların atılmasına geniş imkanlar yaradır. Bugünümüz üçün əsas hədəf təbii ki, hərbi gücümüzün artırılmasıdır. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev hədəfləri açıqlayarkən ordumuzun gücünün, qüdrətinin daha da artırılacağını xüsusi qeyd etmişdir. Bircə faktı qeyd etmək kifayətdir ki, cari ilin dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait əlavə edilmişdir ki, bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpasına, 1,1 milyard manatı isə hərbi potensialımızın güclənməsinə istiqamətləndirilmişdir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bunlardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, özümüzü, müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu istiqamətdə çox ciddi addımlar atdıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Görülən işlər nəticəsində həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi qeyd edib ki, dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada güc amili ön plandadır. Güclə hesablaşırlar, gücdən çəkinirlər. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan bu çağırışı edir ki, heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə təsir edə bilməz. Heç kim Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin prinsipləri dəyişməzdir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, özünün daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Təbii ki, bu prinsiplərin dəyişməzliyi ölkəmizin müstəqil siyasətinə əsaslanır. Azərbaycan istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə bütün təzyiqlərə baxmayaraq, bir addım belə mövqeyindən geri çəkilmir. Azərbaycanın atdığı addımların əsasında dövlət maraqları, xalqın iradəsi dayanır. Dövlət başçısı İlham Əliyevin müşavirədəki nitqində səsləndirdiyi “Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də” çağırışı özündə bütün məqamları ehtiva edir. Əksər dünya gücləri özlərini ədalətin və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etsələr də əməlləri tamamilə başqa bir mənzərənin təqdimatıdır. Nə qədər ki, dünya gücləri dövlətlər arasında əsas faktor olan etimad mühitinin qorunmasını arxa plana keçirib öz maraqlarını öndə saxlayır beynəlxalq hüquq probleminin yaşanması qaçılmazdır. Dövlət başçısı müşavirədə bununla bağlı bu bəyanatı səsləndirdi: “Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz.”

Vüqar Rəhimzadə qısa təhlil əsasında bu qənaəti açıqlayıb ki, Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olmaq üçün bütün səylərini səfərbər edir. Əsas hədəf Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla başa çatdırmaqdır. Dövlət başçısı İlham Əliyev müşavirədə qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Gələn ilin investisiya proqramı hazırlananda Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxılacaq. Elə etməliyik ki, maliyyə qıtlığı ucbatından vaxt itirməyək. ("Trend")

Oxşar xəbərlər