Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə növbəti zəfər döyüşü kimi daxil oldu. Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. Tovuz döyüşlərində 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti səngərləri qoyub qaçmağa məcbur edildi. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəlmişdilər...
Düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, müddətdən artıq hərbi xidmət qulluqçuları Elçin Mustafazadə, Nazim İsmayılov, Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəldilər.
2020-ci ilin iyul günlərində bütün Azərbaycan gəncliyi, yurdun igid oğulları qisas və qələbəyə inam hissi ilə yaşayırdı. 2016-cı ilin Aprel döyüşləri kimi, Tovuz döyüşləri də xalqımızı həlledici qələbəyə ruhlandırdı, Vətən müharibəsi üçün uğurlu bir başlanğıc oldu. Həmin günlərdə dövlət-xalq birliyi daha da möhkəmləndi və vahid gücə çevrildi. Nəticədə, Tovuz döyüşlərindən qısa müddət sonra - 27 sentyabr 2020-ci ildə düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin edərək böyük Zəfər qazandı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Mina RƏŞİD