Bu sözləri Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov söyləyib.
O qeyd edib ki, Ermənistan tərəfindən danışıqlar aparan Yeqişe Kirakosyan dünya ictimaiyyətini aldadaraq guya İrəvanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı ikinci iddiasının qəbul edilməsi haqqında bəyanat verib. Əslində isə Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizi ilə bağlı fevralın 22-də çıxardığı qərarını təsdiqləyib.
“Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsini yerləşdirməsi beynəlxalq aləm tərəfindən qəbul edilir. Ermənilərin bu istiqamətdə diplomatik həmlələrinin heç bir nəticəsi olmayacaq. Məlum məsələdir ki, beynəlxalq hüquqda ən ali prinsip ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərin toxunulmazlığıdır. Azərbaycan Laçında sərhəd-keçid məntəqəsini yerləşdirərək dövlətlər arasında gediş-gəlişin qanuni əsaslarda təmin edilməsinə nail olub. Hazırda ermənilər sərbəst şəkildə yoldan istifadə edə bilirlər”, - deyə Z.Məmmədov vurğulayıb.
Ermənistanı və separatçıları narahat edən əsl səbəbdən danışan politoloq bildirib: "Azərbaycanın Laçında müvafiq post qurmasından sonra Ermənistandan Qarabağa terror məqsədli qanunsuz yüklərin, silahların, terrorçu qrupların girişinin qarşısının alınması erməni separatçıları ciddi narahat edir". (AZƏRTAC)