Məqalədə Azərbaycan səfirliyin anım tədbirini Raul Vallenberq memorialında təşkil etdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, iştirakçılar onun önünə əklil qoyub və soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Seçilmiş məkanın simvolizmi də vurğulanır: Vallenberq abidəsi humanizm, vətəndaş cəsarəti, soyqırımına müqavimət və etnik zəmində təqiblərlə əlaqələndirilir.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr, Xocalı şəhərində qadınlar və uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi barədə məlumat verilir, yüzlərlə yaralı və hələ də itkin düşmüş şəxslərdən bəhs olunur. Diqqətə çatdırılır ki, bütün ailələr məhv edilib və bir çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib. “Human Rights Watch” təşkilatının məlumatına görə, bu qırğın Ermənistan ilə Azərbaycan arasındakı münaqişədə ən böyük faciə olub, xüsusilə ağır bir akt kimi xarakterizə edilib, potensial olaraq müharibə cinayəti və ya insanlığa qarşı cinayətə bərabər tutulub.
Müəllif yazır: “Bu günə qədər 17 milli qanunverici orqan, ABŞ-nin 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı qırğını pisləyən, onu insanlığa qarşı cinayət və soyqırımı kimi təsnif edən qətnamələr qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsi də 2010-cu ildə verdiyi qərarda bu hərəkətləri o qədər ciddi adlandırıb ki, onlar müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi təqdim edilə bilər”.
Daha sonra qeyd edilib ki, Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov çıxışında tarixi yaddaşın qorunmasının, beynəlxalq maarifləndirmə səylərinin davam etdirilməsinin, Azərbaycan ilə Ermənistan arasında davamlı və ədalətli sülhün bərqərar edilməsinin vacibliyini vurğulayıb. Məqalədə, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən və 1992-ci il hadisələri haqqında məlumat yaymaq məqsədi daşıyan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından da bəhs edilib. (AZƏRTAC)