"Ölkəmizdə komando hərbi hissəsinin açılışı çox əlamətdar hadisədir. Vətən müharibəsindən sonra cənab prezidentin göstərişinə əsasən Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmış və komandoların sayı gündən-günə artmaqdadır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Azərbaycan ordusunda yeni qoşun növü olan Komando Qüvvələri yaradılır ki, bu da Silahlı Qüvvələrin qüdrətinin yüksəldilməsini təmin edəcək və hərbçilərimizin döyüş qabiliyyətlərini artıracaqdır.
İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin rolunun hər birimiz şahidi olduq. Onların xüsusi peşəkarlığı nəticəsində bir çox mühüm, uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Belə ki, Vətən müharibəsində Azərbaycan dövlətinin tam Zəfər qazanmasında Xüsusi Təyinatlı dəstələrin çox böyük rolu oldu".
Millət vəkili daha sonra bildirib ki, bizim üçün sevindirici haldır ki, Azərbaycanın müharibə təcrübəsi, dünyaya səs salan Şuşa əməliyyatı bu gün bütün dünyada danışılır: "Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi möcüzə kimi dəyərləndirilir. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin müharibənin ilk günündən sonunadək əsas hədəfimiz olduğunu önə çəkərək bu Zəfərdə xüsusi təyinatlıların rolunu xüsusi qeyd edir. Mədəniyyət paytaxtımızın azad olunması gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olması, hərbi hissəyə döyüş bayrağını təqdim etməsi, bir daha Ali Baş Komandanımızın ordu qurulucuğuna nə dərəcədə önəm verməsinin sübutudur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı nitqində, Prezident kimi öz səlahiyyətlərini icra etməyə başlayan zaman onun üçün birinci vəzifə ordu quruculuğunun olduğunu qeyd etdi.
Əminliklə deyə bilərik ki, bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün dövlətimiz bütün lazımi tədbirləri görəcək",- deyə C.Məmmədov vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ