Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
"Dövlət katibi bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları aparıb. Dövlət Departamenti bir neçə dəfə görüşlərə ev sahibliyi edib. Bu səhər dövlət katibi yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə təkbətək və geniştərkibli mühüm görüşlər keçirib. Biz sülhün əlçatan olduğuna inanmağa davam edirik. Nəticələr haqqında danışmaq üçün həftənin sonuna qədər gözləyəcəyik", - Miller bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edir. Bu gün ABŞ dövlət dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüşlər keçirilib.
Danışıqlar iyunun 29-dək davam edəcək. (Report)