Bunu 24INFO.AZ-a Milli Məclisin deputatı Mahir Abbazsadə bildirib. Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra qarşıda duran əsas məqsədlərdən biri həmin ərazilərin bərpası, o cümlədən uzun müddət məcburi köçkün həyatı yaşayan soydaşlarımızı doğma torpaqlarına geri qaytarmaqdan ibarətdir.
Deputat həmçinin ötən il avqustun 26-da Prezident İlham Əliyevin Laçının mərkəzində Azərbaycan bayrağını ucaltması, habelə bu ərazilərə etdiyi səfərlərin aparılan bərpa-quruculuq işlərinin sürətlə həyata keçirilməsinə bariz nümunə olduğunu deyib.
M.Abbaszadə 30 il müddətində psixoloji-mənəvi məhrumiyyətlərə məruz qalmış keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının onların hər biri üçün əvəzsiz mənəvi dəyər daşıdığına diqqət çəkib:
“Biz bunun üçün laçınlılar adından möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, şəhidlərimizin əziz xatirəsini yad edirik. Eyni zamanda qazilərimizin sağlamlığı uğrunda apardığı mübarizədə onlara mənəvi dəstək oluruq. Bütün bunlar hamısı Azərbaycan dövlətinin apardığı siyasətə tam uyğundur. İnanıram ki, bundan sonrakı müddətdə də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad etdiyimiz bütün rayonlarda bərpa-quruculuq prosesləri sürətlə həyata keçiriləcək, yaşayış məntəqələri salınacaq və azərbaycanlılar öz ata-baba yurdlarına qayıdacaqlar",- deyə millət vəkili vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ