08.09.2024, 07:28
AZ EN
25.02.2022, 16:10 138

Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Müttəfiqlik səviyyəsi böyük nailiyyətdir

“Mənim Rusiyaya rəsmi səfərimin formatı və əlbəttə, xüsusən dünən qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması nəzərə alınmaqla, əsl münasib vaxtdır. Rusiya ilə Azərbaycan arasında çoxsaylı sənədlər imzalanıb – 200-dən artıq. Lakin bu, xüsusi sənəddir, çünki dövlətlərarası münasibətlər qurulmasından 30 il keçdikdən sonra biz müttəfiqlik səviyyəsinə çatmışıq. Əslində, mən deyərdim ki, biz bunu rəsmən təsbit etmişik. Ona görə ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri, mənim fikrimcə, uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Yəni, bu sənəd təkcə böyük işə yekun vurmaqla qalmayıb, həm də Rusiya ilə Azərbaycanın gələcək qarşılıqlı əlaqələri üçün, müsbət regional inkişaf üçün böyük perspektivlər açır”. Prezident İlham Əliyev bu sözləri Rusiya KİV rəhbərləri ilə görüşdə deyib. Dövlətimizin başçısı Rusiya Prezidenti ilə birlikdə verdikləri bəyanatların Azərbaycan mətbuatında tam şəkildə dərc edildiyini xatırladaraq, görüş iştirakçıları ilə söhbətə daha çox vaxt saxlamağı vacib sayıb.

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin iki ölkə arasında münasibətləri hansı yeni səviyyəyə qaldırması barədə suala cavab verərkən Prezident İlham Əliyev deyib: “Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir. Mən tapşırıq vermişəm, Azərbaycanın Xarici İşlər Nazirliyi Bəyannamənin tam mətnini öz saytında yerləşdirib ki, hər kəs onunla tanış ola bilsin. Mənim dünən qeyd etdiyim kimi, orada 43 bənd var. Əlbəttə, bütün bəndləri şərh etmək həddən artıq vaxt aparar. Bir də ki, buna ehtiyac yoxdur, baxmaq olar. Lakin bu Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, - keçən ilin yanvar ayından, - bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir.

Onu da deməliyəm ki, Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Yəni, münasibətlər o dərəcədə şaxələndirilib ki, bizim hansı sahələrdə əməkdaşlıq etməyimizi müəyyənləşdirməkdənsə, hansı sahələrdə əməkdaşlıq etmədiyimizi göstərmək və ya söyləmək daha asandır. Əlbəttə, hesab edirəm ki, bizim iki qonşu ölkə üçün bu səviyyəni qarşılıqlı müttəfiqlik səviyyəsi kimi müəyyən etmək böyük nailiyyətdir və əlbəttə, böyük məsuliyyətdir. Biz gələcəkdə də həmişə bu yüksək səviyyəyə uyğun olmalıyıq”.

Biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik

Prezident İlham Əliyev “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın ermənilərin Azərbaycana girişinə qadağa qoyulması barədə iddiasını cavablandırıb. Dövlətimizin başçısı etnik prinsipə görə ölkəmiz girişə qadağanın olmadığını, erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərlərinin bunu sübuta yetirdiyini vurğulayaraq deyib: “...Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər. Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar məni uzun müddət alqışladılar”. Prezident İlham Əliyev Mar-qarita Simonyanın sözlərində müəyyən qərəzlilik olduğunu qeyd edərək,  bir neçə il bundan əvvəl Katalikos Qareginin ölkəmizə səfəri etdiyini və öz iş kabinetində onunla görüşdüyünü xatırladıb: “O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var. Çünki təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniy­yəti, tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir”.

Dövlətimizin başçısı qeyd edib ki, biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik. “Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə müvafiq orqanlar məlumatlandırılsın. Xüsusi halda Rusiyadan söhbət gedirsə, səfirlik və səfir Polad Bülbüloğlu bu təlimatları bilir. Azərbaycana gəlməyə rədd cavabı verilən hallar olub. Lakin belə hallar məhz ona görə olub ki, bu formal qaydalara riayət edilməyib”, - deyən Prezident İlham Əliyev erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış, sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların başına gələnlər barədə danışmaq istəmədiyini bildirib. Bunun başqa mövzu olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Lakin düşünürəm ki, müharibə başa çatandan sonra əgər Ermənistan rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim ideyaları qəbul etsə, belə səfərlər müharibədən əvvəl olduğu kimi adi hal ala bilər. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik döv­lət olan, praktiki surətdə bütün milli az­lıq­ların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənis­tan­dan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür. Buna görə də sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç bir məhdudiyyət yoxdur”.

Dövlət insanların hansı emosiyalarla yaşadığını da bilir

Marqarita Simonyanın erməni soyadlı şəxslərin ölkəmizə gələ bilməməsi barədə söylədiklərinə Birinci vitse-prezident Mehriban Əliyeva da münasibət bildirib. Mehriban xanım deyib: “Bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi. Onun 79 yaşı var, Ağdama, işğaldan azad edilmiş Ağdama gəlib, öz evini axtarır. Qadın həqiqətən çox qoca idi, çətinliklə yeriyirdi və 30 dəqiqə ərzində o, praktiki olaraq göz yaşları tökə-tökə öz emosiyaları barədə, təbii ki, heç nə tapmaması barədə danışmağa çalışırdı. O, hətta evinin xarabalığını da tapmadı, yəni o, heç olmasa həmin sahəni tapmağa çalışırdı. Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir. Düşünürəm, indi imkan yaranıb, mən sizin hamınızı dəvət etmək istəyirəm. Ona görə ki, cənab Prezident kitab barədə də danışdı, lakin bunları öz gözünüzlə görmək lazımdır. Nə üçün indi bu barədə danışıram, - o qadın öz sərgüzəştini danışdı və paralel olaraq müharibədən əvvəl, birinci müharibədən əvvəl çəkilmiş kadrlar qalıb. O vaxt o qadının ailəsində toy olub, - onlar bu toyu həyətdə necə qeyd ediblər, gənc gəlini qəbul ediblər və indiki, bugünkü kadrlar. Onun gözlərindən sevinc yaşı axır: nəhayət ki, bu torpağa qovuşub. O deyirdi: “Mən bu günü gördüm. Xoşbəxtəm ki, bu günə qədər yaşadım”. Sonda həmin qadın bir ovuc torpağı götürüb öpür. İndi mən bunu ona görə danışıram ki, bunları çatdırmaq çətindir, yəqin bunu görmək, hiss etmək lazımdır ki, belə insanlar çoxdur. Birinci müharibə illərində bizdə 1 milyona yaxın qaçqın olub. Bu günü görmək arzusu ilə yaşayanların çoxu dünyasını dəyişib, sağ qalanlar üçün indi, əlbəttə, xoşbəxt günlərdir. Təbii ki, bu insanların ailələri var, tanışları var. Belə vəziyyətlər yarananda, həqiqətən Prezidentin vurğuladığı kimi, ilk növbədə, onları qorumaq lazımdır. Ona görə ki, çox vaxt biz böyük problemlərdən söz açanda ümumi şəkildə danışırıq və ayrıca insanı görmürük, - bu, bəlkə də təbiidir. Hər bir problemin arxasında yəqin ki, konkret insan dayanır, onun həyat tarixçəsi, emosiyaları dayanır və təəssüf ki, insanlar da, onların emosional fonu da fərqlidir. Məhz bu səbəbdən dövlət, - indiki halda Prezident Azərbaycan dövlətinin adından danışır, - Azərbaycana gələn hər kəsi qorumalıdır. Lakin dövlət insanların hansı emosiyalarla yaşadığını da bilir. Mən məktəbdə oxuyanda bizim sinif çoxmillətli idi – ermənilər, ruslar, yəhudilər, azərbaycanlılar... Hətta deyə bilmərəm ki, mənim sinfimdə azərbaycanlılar əksəriy­yət təşkil edirdi, - yadınızdadırsa o vaxt bir sinifdə 45 şagird olurdu. Biz hamımız dostluq edirdik, əlbir idik, heç bir pislik gözləmirdik. Hesab edirəm ki, bu məziy­yət Azərbaycan xalqının ən yaxşı cəhətlərindən biridir və o, yox ola bilməz. Bu gün belə olması tamamilə izah edilə biləndir və təəssüf ki, bunun baş verməsinin tarixi səbəbləri var”.

NTV telekanalının baş prodüseri Timur Vaynşteyn də söhbətə qoşularaq deyib: “…Mən Mehriban xanımın oxuduğu məktəbdən təqribən 150 metr məsafədə yerləşən 160 nömrəli məktəbdə oxumuşam. Bizim sinifdə də müxtəlif millətlərdən 45 nəfər var idi, özü də o zaman hələ bilmirdilər, sonralar kimin hansı millətdən olmasını öyrənməyə başladılar. Mən erməni millətindən olan məktəbli yoldaşımı konkret bilirəm, o, bir neçə il əvvəl Bakıda olub, o zaman səfirliyə müraciət edib. Bütün bunlar rəsmi idi. Aydındır ki, bizim eşitdiyimiz hallar yəqin var. Sadəcə, hadisələr olur, təəssüf ki, sosial şəbəkələrə çıxır. Lakin qlobal olaraq... Mən yaxın vaxtlarda öz məktəbimdə oldum. Orada hər şey gözəldir. Mən hətta oxuduğum illərdən əvvəl həmin məktəbdə işləmiş pedaqoqlara rast gəldim. Hərçənd mən məktəbi bitirəndən 30 ildən çox vaxt keçib. Əlbəttə, mənim diqqət yetirdiyim, heyrətamiz faktlardan biri odur ki, məktəb indi də rus dilində işləyir. Siz dünən Vladimir Vladimiroviçlə bunu müzakirə etdiniz ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 300-dən çox məktəb - 340 məktəb və təqribən 20 ali təhsil müəssisəsi, o cümlədən Rusiyanın məşhur universitetlərinin filialları var. Mənə elə gəlir, biz bu gün Rusiyanın müxtəlif ölkələrlə münasibətindən danışanda, vacib məsələlərdən biri məhz müttəfiqlikdir. Çünki bir çox ölkələr, təəssüf ki, həmin 1990-cı illərdə rus dilində təhsil imkanlarını və ünsiyyətin qarşısını, ümumiyyətlə, kifayət qədər sərt şəkildə kəsdilər, bu gün biz ümumilikdə Rusiyanın bu ölkələrlə kifayət qədər mürəkkəb münasibətlərini görürük, mən keçmiş Sovet İttifaqı ölkələrindən danışıram…”

Prezidentlər Ərdoğan və Putin arasında olduqca etibarlı münasibətlər mövcuddur

Prezident İlham Əliyev “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukovun sualına cavab olaraq Azərbaycan-Türkiyə münasibətlərini bir daha səciyyələndirib. Dövlətimizin başçısı Türkiyə ilə münasibətlərin də müttəfiqlik münasibətləri olduğunu vur­ğulayaraq deyib: “İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də mən və Prezident Ərdoğan tərəfindən müttəfiqlik barədə Bəyannamə imzalandı. Bu da bizim malik olduqlarımızın formallaşdırılması idi, çünki Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki, mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, - bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, - biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq - bunlar çox va­cibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib.

Ancaq biz bilirik, etnik yaxınlıq, o cümlədən dil yaxınlığı, əfsuslar olsun ki, heç də həmişə sıx münasibətlərin rəhni deyil. Bizim vəziyyətdə buna nail olundu, fikrimcə, uzun illər ərzində və indi də qorunub saxlanılan düzgün siyasət, bərabərhüquqlu münasibətlər sayəsində buna nail olduq. Əlbəttə, Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. Həmçinin bu siyasi, mənəvi dəstəklə Türkiyə bəzi ölkələrdəki bir sıra dairələrin Azərbaycana münasibətdə düşməncəsinə hərəkətlərin birmənalı şəkildə qarşısını aldı. Biz bunu çox yüksək qiymətləndiririk. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır, onlar bizə çox kömək edirlər.

Deməliyəm ki, biz bütün bərpa işlərini yalnız öz vəsaitimiz hesabına görürük, biz heç kimdən nə kredit qismində, nə də hansısa müftə kömək kimi bir manat, rubl və ya dollar almamışıq. Biz hər şeyi öz hesabımıza edirik, lakin podratçı kimi Türkiyə şirkətlərindən çox fəal istifadə edirik. Yeri gəlmişkən, deməliyəm ki, Rusiyanın 14 şirkəti də onlara işğaldan azad edilən ərazilərdə işləmək imkanı yaradılması istəyi ilə bizə müraciət edib. Fikrimcə, əgər bizim nöqteyi-nəzərdən baxsaq dünən imzalanan sənəd mahiyyətcə tarixi nailiyyətdir. Çünki Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Düşünürəm ki, başqa heç bir ölkə bununla öyünə bilməz. Mən hələ o barədə demirəm ki, NATO-ya üzv ölkə ilə və KTMT-nin de-fakto rəhbər ölkəsi ilə. Bu, əslində, nailiyyətdir və yəqin, heç kim üçün sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır. O, hələ formalaşmayıb, prezidentlər də daxil olmaqla, hələ xarici işlər nazirlərinin görüşü baş tutmayıb, lakin o, artıq formalaşır. O, ümumi maraqlar, praqmatizm və oxşarlıq əsasında formalaşır. Bizim idarəetmə sisteminin oxşarlığı, tərəfdar olduğumuz dəyərlərin oxşarlığı heç kim üçün sirr deyil. Məsələn, bizə çox xoşdur ki, prezidentlər Ərdoğan və Putin arasında olduqca etibarlı münasibətlər mövcuddur. Onların hər ikisi bu barədə açıq şəkildə danışırlar. Beləliklə, mən fikirləşirəm ki, bu münasibətləri formalaşdıracağımız o gün artıq uzaqda deyil. Xüsusən ona görə ki, Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir, burada necə deyərlər, artıq növbəti addım tələb olunur. Ancaq bu, bizim işimiz deyil, lakin biz öz tərəfimizdən iki ölkənin maraqlarının yaxınlaşdırılması üzərində həmişə işləmişik”.

Bu insanlar mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar

Ümumrusiya Dövlət Teleradio Yayımlar şirkətinin baş direktoru Oleq Dobrodeev 1990-cı illərin əvvəllərində Bakını qaçqınlarla dolu gördüyünü xatırladıb, onlar indi hansı fəallıqla geriyə qayıtdıqları ilə maraqlanıb. Prezident İlham Əliyev bu sualı cavablandırarkən deyib: “Hələ ki, qayıtmağa yer yoxdur, çünki birincisi, hər şey dağıdılıb və ikincisi, hər yer minalanıb. Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda Vladimir Vladimiroviç Putinin çağırışlarına baxmayaraq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcuddur, lakin onları bizə verməkdən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər. Çünki insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. Yəni, dolayı yollar var, insanlar keçir, gedirlər, öz evlərinin heç olmasa xarabalığını axtarıb tapmaq istəyirlər və həlak olurlar. Minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq. Sadəcə, müqayisə üçün deyim ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur, yəni, sözün əsl mənasında, hər şey dağıdılıb. Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub.

Beləliklə, bizim qarşıda böyük işlərimiz var – su, işıq, qaz, yollar, minalar, evlər. Biz başlamışıq, biz ötən il 1 milyard 300 milyon dollar ayırmışdıq, bu il isə eyni vəsaiti bərpa işlərinə ayırmışıq. Pilot layihə icra olunur, lakin bu, vaxt aparacaq. Deməliyəm ki, bununla paralel olaraq, işğal dövründə biz qaçqınlar üçün fəal şəkildə evlər tikirdik, hər il təxminən 5-6 min ailəni, təqribən 30 min insanı yerləşdirirdik. Yəni, onlardan təqribən 70 faizi normal yaşayır. Biz Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikirdik. Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Buna görə də, ilk növbədə, bu kateqoriyadan olan insanlar geri qaytarılacaq. Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq. Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar. Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik. Lakin bizə, əlbəttə ki, kömək lazımdır, məhz minalardan təmizlənmə baxımından, hətta maliyyə yardımı deyil, texniki yardım lazımdır. Sadəcə, biz fiziki cəhətdən çatdıra bilmirik. Bizim Minatəmizləmə Agentliyimiz var, Müdafiə Nazirliyində bir neçə batalyonumuz var, FHN qrupu var. Lakin fiziki baxımdan çatmır, çünki bu, çox ləng prosesdir. Buna görə də biz beynəlxalq strukturlara kömək üçün müraciət etmişik. Lakin əfsuslar olsun ki, artıq bir il üç ay keçib, hələ də müraciətimiz cavabsız qalıb”.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşdə Azərbaycanın Avropa bazarına qaz tədarükünü artırmaq imkanları, COVID-19-la mübarizə,  Qoşulmama Hərəkatının perspektivləri, Rusiya-Ukrayna məsələsi və digər məsələlər barədə suallarını cavablandırıblar.

Görüşün sonunada Prezident İlham Əliyevə onun Azərbaycana rəhbərliyi dövründə TASS lentlərində və fotoxronikasındakı tam arxivi hədiyyə edilib. Burada 32 mindən çox məlumat və 400-ə yaxın fotoşəkil olduğu bildirilib. Dövlətimizin başçısı da TASS agentliyinə xatirə hədiyyəsi təqdim edib.

Oxşar xəbərlər