23.02.2025, 01:24
AZ EN
22.02.2025, 16:50 127

Marneulidə “Xocalıya ədalət!” adlı sərgi və anım tədbiri keçirilib

XƏBƏRLƏR
  • Fevralın 22-də Marneulidəki “Azərbaycan Evi”ndə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı fotosərgi və anım tədbiri keçirilib.

“Azərbaycan Evi”nin və AZƏRTAC-ın birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsindən bəhs edən sərgiyə baxıblar.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açıq elan etdikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

M.İmanov çıxışında Xocalı soyqırımının başvermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Deyib ki, Gürcüstandakı soydaşlarımız Xocalı faciəsi qurbanlarının xatirəsini hər zaman dərin ehtiramla yad edirlər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xəlilov çıxışında Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə danışıb. Qeyd edib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verib. Ümummilli Liderimizin 1994-cü il 1 mart tarixli Fərmanı ilə hər il fevral ayının 26-sı "Xocalı soyqırımı və milli matəm günü" elan olunub.

Azərbaycan dövləti Xocalı soyqırımına dünyada hüquqi-siyasi qiymətin verilməsi istiqamətində fəal iş aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət!" kampaniyası çərçivəsində artıq dünyanın 50-dən çox ölkəsinin parlamentində Xocalı faciəsi soyqırımı kimi tanınıb, bu istiqamətdə işlər davam etdirilir.

Diplomat 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, bununla da şəhidlərimizin qisasının alındığını xüsusi vurğulayıb.

Türkiyə səfirliyinin məsul əməkdaşı Uğur Tahnal isə deyib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş qatı cinayətdir. Türkiyə xalqı da qardaş Azərbaycanın yanındadır və şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad edilir.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Məhəmməd Şamilov şəhidlərin ruhuna dualar oxuyub. O, həmçinin faciə ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, heç kim bu faciəni unutmamalıdır.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Xocalı faciəsinin dünya hərb tarixində misli görünməmiş bir soyqırımı olduğunu vurğulayıb.

Xocalıəsilli Marneuli sakini Gülnaz Çıldırlı ana yurdu Xocalıda baş verənlər barədə acı xatirələrini bölüşüb. O, torpaqlarımızın işğaldan azad edilməsinə görə ailəsi adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxışında tədbirin təşkilinə göstərdikləri dəstəyə görə "Azərbaycan Evi"nə və ADDF-nin rəhbərliyinə təşəkkür edib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində artıq insanlar öz doğma yurd-yuvalarına, o cümlədən Xocalıya qayıdırlar.

Digər çıxış edənlər də Xocalı faciəsi barədə fikirlərini bölüşüb, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Sonra tədbirdə Esmira Ələkbərlinin “Nəfəs fasiləsi” adlı hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.

E.Ələkbərlinin quruluş verdiyi tamaşadakı rolları Qaçağan kənd 2 saylı ictimai məktəbinin şagirdləri oynayıblar.

"Azərbaycan Evi"nin, AZƏRTAC-ın, ADDF-nin adından şagirdlərə təşəkkürnamə verilib.

Sonda ehsan süfrəsi təşkil olunub. (AZƏRTAC)

Oxşar xəbərlər