22.11.2024, 09:08
AZ EN
03.06.2023, 19:43 149

Politoloq: Kişineuda “Firəng təşəbbüsü” ilə hər hansı təklifin irəli sürülməməsi Azərbaycanın Fransanı neytrallaşdırdığını göstərir

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısında iştirak etmək üçün Moldovaya səfəri ölkəmizin xarici siyasət səhifələrində parlaq izlər buraxan növbəti uğur kimi dəyərləndirilməldir.

Bu sözləri Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

Politoloq bildirib ki, dövlətimizin başçısı ikigünlük səfər müddətində həm Zirvə toplantısı çərçivəsində, həm də sammitdən kənarda bir sıra mühüm görüşlər keçirib və Azərbaycan-Moldova münasibətlərinin inkişaf perspektivləri ətrafında faydalı müzakirələr aparıb. Həmin görüşlərdə ticari-iqtisadi, enerji, investisiyalar, kənd təsərrüfatı və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq məsələlərinə toxunulub və gələcək münasibətlərin konturları cızılıb.

Moldova və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirən S.Zahidov qeyd edib ki, ölkələrimiz həm siyasi, həm də iqtisadi sferada yüksək səviyyədə əməkdaşlıq edir. Bu gün də iki ölkə arasında ticari-iqtisadi əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bu baxımdan Moldova səfərini Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaq məqsədəuyğundur.

“Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin Zirvə toplantısına yenidən dəvət olunması, ilk növbədə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna dəlalət edir. Bu, o deməkdir ki, dünya birliyi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı tanıyır və bu reallıqla hesablaşır. Bu, həm də onu göstərir ki, nəinki enerji təhlükəsizliyi, o cümlədən bütöv Avropanın siyasi-hərbi təhlükəsizliyi və iqtisadi inkişafı kimi məsələlərdə Azərbaycanın çəkisi və rolu yüksək səviyyədə qiymətləndirilir. Azərbaycan artıq regional və qlobal proseslərdə beynəlxalq münasibətlərin fəal aktorlardan birinə çevrilib”, - deyə S.Zahidov diqqətə çatdırıb.

Politoloq diqqətə çatdırıb ki, Avropa dövlətlərinin sərbəst və qeyri-formal mühitdə aktual mövzular ətrafında müzakirələr aparması üçün ötən il təsis olunan “Avropa siyasi birliyi”nin əsas məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Belə bir platformanın yaradılmasında əsas səbəblərdən biri də ATƏT və Avropa Şurası kimi digər Avropa institutlarının hazırda böhran keçirməsi və mövcud təhlükəsizlik çağırışları ilə mübarizə aparmaq iqtidarında olmamasıdır. Məlumdur ki, Avropa Şurasının heç bir məcburetmə mexanizmləri yoxdur və bu günədək əsasən qərəzli, qeyri-obyektiv bəyanatlar verməklə yadda qalıb. ATƏT isə bir zamanlar həm Ermənistan-Azərbaycan, həm də Rusiya-Ukrayna münaqişələrinin həllində qeyri-effektiv olduğundan beynəlxalq münasibətlərdəki statusunu itirib. Bu baxımdan “Avropa siyasi birliyi”nin mövcud təhlükəsizlik problemlərinin həllində, Avropada sülhün və sabitliyin təminində daha effektik təsisat olacağına ümidlər böyükdür. Budəfəki sammit çərçivəsində də təhlükəsizliklə bağlı mühüm məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesinin, Rusiya-Ukrayna müharibəsinin, Balkan yarımadasındakı gərgin siyasi vəziyyətin müzakirəsinə önəm verildi.

Zirvə toplantısı çərçivəsində beştərəfli görüşə toxunan politoloq bildirib: “Praqa görüşündən fərqli olaraq, budəfəki görüşdə Almaniyanın da iştirakı Azərbaycana qarşı Fransa tərəfindən nümayiş etdirilən qərəzli mövqeyi neytrallaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. İstənilən halda bu görüş qeyri-formal xarakter daşıdığından Brüssel formatının strukturuna hər hansı bir dəyişiklik etmək imkanına malik deyil. Bununla belə, bu cür görüşlərin sülh prosesində mövqelərin yaxınlaşdırılması və növbəti görüşlərin keçirilməsinə vəsilə olması baxımından vacib addım olduğunu nəzərə alsaq, Kişineu görüşünü də müsbət qiymətləndirə bilərik. Şarl Mişelin mətbuata açıqlamasında növbəti görüşün iyulun 21-də üçtərəfli formatda Brüsseldə keçiriləcəyini qeyd etməsi əvvəlki tezisin əyani sübutudur. Praqa görüşündən fərqli olaraq, bu dəfə “Firəng təşəbbüsü” ilə hər hansı təklifin irəli sürülməməsi, əslində, Azərbaycanın Fransanı neytrallaşdırdığını və Makronun hazırkı reallığı qəbul etməsinin də işarəsi ola bilər. Bununla belə, Fransanın Cənubi Qafqazda gizli ambisiyaları daim Azərbaycanın nəzərindədir və bu, sözsüz ki, Makronun danışıqlar prosesində qərəzsiz olacağını böyük şübhə altına salır ki, bu səbəbdən Azərbaycan tərəfi Fransanın regiona gətirməyə çalışdığı “Troya atı”na heç bir halda aldanan deyil. Yekun açıqlamada Şarl Mişel, eyni zamanda, görüşdə sülh sazişi və delimitasiya məsələlərinin müzakirə olunduğunu söylədi ki, bu mövzuların müzakirəsi də Azərbaycanın hazırkı mövqeyi ilə üst-üstə düşür. Prezident İlham Əliyevin ötən həftə Laçın şəhərində vurğuladığı kimi, delimitasiya Azərbaycanın ədalətli şərtləri altında həyata keçirilməli və sülh müqaviləsi beynəlxalq şərtlər əsasında tərtib edilməlidir”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, nəticə olaraq son zamanlar ard-arda görüşlərin baş tutması ümumilikdə sülh prosesinin irəliləməsinə müsbət təsir göstərsə də, bir sıra nüansları nəzərə almaqda fayda var. Bu nüanslara Ermənistan rəhbərliyinin sabit siyasi iradəyə malik olmaması səbəbindən fərqli qüvvələrin farvaterində üzməsi və bəzi xarici ünsürlərin sülh prosesinə destruktiv müdaxiləsi aiddir ki, nəticə etibarilə bu maneələrin aradan qalxması, heç şübhəsiz, Cənubi Qafqazda uzun illərdir gözlənilən sülhü təmin edəcək. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR