23.11.2024, 04:16
AZ EN
01.06.2023, 20:50 236

“Avropa siyasi birliyi”nin toplantılarında iştirak ölkəmizin yürütdüyü uğurlu siyasətdən qaynaqlanır

XƏBƏRLƏR
  • “Avropa siyasi birliyi” Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platforma olmaqla yanaşı, geosiyasi proseslərin mövcud inkişaf mərhələsində yeni istiqamətlərin və konfiqurasiyaların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspertin sözlərinə görə, bu gün Avropa İttifaqının “Avropa siyasi birliyi” platforması müstəvisində prioritet hesab etdiyi və Azərbaycanın da xüsusi diqqət ayırdığı, həmçinin regional və qlobal anlamda özünəməxsus rol oynadığı dörd əsas istiqamət var: birincisi, təhlükəsizlik və sülh, ikincisi enerji, üçüncüsü iqlim və ətraf mühitin qorunması, dördüncüsü isə, iqtisadiyyat.

E.Mirzəbəyli qeyd edib ki, Şərqi Avropada cərəyan edən hadisələr, enerji təhlükəsizliyi ilə bərabər, kommunikasiyaların təhlükəsizliyini də aktuallaşdırıb: “Sadaladığım dörd əsas istiqamətə nəqliyyat dəhlizlərinin təhlükəsizliyi də əlavə olunub. Göründüyü kimi, kommunikasiyaların davamlılığı və təhlükəsizliyi də daxil olmaqla, “Avropa siyasi birliyi”nin prioritet hesab etdiyi istiqamətlər Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır və ölkəmiz uzun illərdir ki, sözügedən sahələrdə ciddi və nümunə ola biləcək bir fəaliyyət sərgiləyir”.

Son iki il ərzində Avropa üçün ön sıraya keçən enerji təhlükəsizliyi və enerji dəhlizlərinin diversifikasiyası məsələsinin uzun illərdir ki, Azərbaycanın gündəmində olduğunu bildirən siyasi ekspert deyib: “Ölkəmiz hələ 1994-cü ildən, “Əsrin müqaviləsi”nin imzalandığı zaman kəsiyindən başlayaraq, neft və qaz kəmərlərinin şaxələndirilməsi istiqamətində uzunmüddətli strategiyanı müəyyənləşdirib və mühüm strateji addımlar atıb. 2006-cı ildən istismara verilən Bakı-Tbilisi-Ceyhan magistral neft və Bakı-Tbilisi-Ərzurum magistral qaz kəmərləri Azərbaycanın illər öncə bugünkü çağırışlara cavab verən enerji strategiyasını necə dəqiq bir şəkildə müəyyənləşdirdiyini sübuta yetirir. Bu prosesin davamı olaraq, Cənub Qaz Dəhlizinin gerçəkləşməsində ölkəmizin oynadığı həlledici rol, Prezident İlham Əliyevin geosiyasi proseslərin inkişaf perspektivlərini proqnozlaşdırmaq məharətindən xəbər verir”.

“Avropa siyasi birliyi”nin prioritetlərindən biri olan sülh və təhlükəsizlik amillərinin də Azərbaycanın uzun illərdən bəri təşviq etdiyi məsələlərdən olduğunu vurğulayan E.Mirzəbəyli bildirib ki, Azərbaycan uzun illər boyu Ermənistanın işğalı altında olan torpaqlarının azad edilməsi prosesinə sadiq qalıb. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə selektiv yanaşmanın daha böyük münaqişə və müharibələrə yol aça biləcəyi barədə beynəlxalq birliyə saysız-hesabsız müraciətlər ünvanlayıb. Bu gün Şərqi Avropada cərəyan edən hadisələr fonunda sülh və təhlükəsizlik məsələlərinin ön sıraya çıxması ölkəmizin öz çağırışlarında və mövqeyində nə qədər haqlı olduğunu, dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının bəşəriyyət üçün həyati əhəmiyyət kəsb etdiyini, separatizmin, işğalın stimullaşdırılmasının böyük fəlakətlərə yol açdığını sübuta yetirir.

“İqlim və ətraf mühitin qorunması məsələləri də artıq uzun illərdir ki, Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edir. Baxmayaraq ki, Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində təbii resurslarımız talanıb, ölkəmizin fauna və florasına ciddi zərbə vurulub və bununla bağlı rəsmi Bakının çağırışları ikili standartlar səbəbindən diqqətə alınmayıb, Azərbaycan bu gün də ekelogiyanın qorunması ilə bağlı məsələlərdə öz həssaslığını qoruyub saxlayır və yüksək məsuliyyətlilik nümayiş etdirir.

Azərbaycanın bərpaolunan enerji layihələrinin təşviqinə verdiyi töhfə və ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısına ünvanladığı məktubda qlobal iqlim məqsədlərinə nail olmaq üçün ölkəmizin səylərini, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslərin onu sevindirdiyini vurğulaması, Azərbaycanın iqlim və ətraf mühitin qorunması istiqamətində ciddi uğurlara imza atdığını təsdiqləyir”, - deyə siyasi ekspert diqqətə çatdırıb.

Elçin Mirzəbəyli bildirib ki, “Avropa siyasi birliyi” üçün hazırda prioritet sayılan digər sahələrdə - iqtisadiyyatın və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində ölkəmizin yürütdüyü siyasətin nəticələri göz qabağındadır. Bir zamanlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə dəstək verməyən ölkələr hazırda Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin ən önəmli marşrutlardan birinə çevrilən bu dəmir yol xəttinin nə qədər böyük strateji əhəmiyyətə malik olduğunu müşahidə edirlər. Azərbaycanın Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi istiqamətində sərgilədiyi prinsipial mövqenin hazırda beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, əslində ölkəmizin uzun illərdən bəri kommunikasiyaların şaxələndirilməsi və təhlükəsizliyi ilə həyata keçirdiyi layihələrin əhəmiyyətinin etirafı kimi də qəbul oluna bilər.

“Hesab edirəm ki, Prezident İlham Əliyevin ardıcıl olaraq, “Avropa siyasi birliyi”nin zirvə toplantılarına dəvət olunması, Azərbaycanın sözügedən platformanın prioritet hesab etdiyi istiqamətlər üzrə yürütdüyü davamlı və uğurlu siyasətindən, əldə etdiyi nəticələrdən qaynaqlanır. Azərbaycanın təcrübəsi sözügedən istiqamətlərdə mövcud olan problemlərin həlli və yol xəritəsi rolunu oynaya bilər”, - deyə ekspert vurğulayıb. ("AZERTAC")

Oxşar xəbərlər