20.10.2024, 05:33
AZ EN
30.05.2023, 15:22 192

Laçınlıların doğma torpaqlarına may ayında qayıdışının rəmzi mənası vardır

XƏBƏRLƏR
  • Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ilə qeyd etdi və bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir.

İşğaldan azad edilmiş ərazilərimizdə hazırda geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Azərbaycan tarixi Zəfərindən dərhal sonra bu torpaqlarda bərpa işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atmışdır. Azərbaycan bu ilkə imza ataraq qısa müddətdə ölçüyə gəlməsi mümkün olmayan işlər görüb. Bu müddətdə iki Beynəlxalq Hava Limanının işğaldan azad edilmiş Füzuli və Zəngilan rayonlarında tikilib istifadəyə verilməsi, üçüncü aeroportun Laçında tikintisinin davamı və 2025-ci ildə başa çatdırılmasının nəzərdə tutulması deyilənlərə bariz nümunədir. Prezident İlham Əliyevin laçınlılarla görüşündə qeyd etdiyi kimi, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Ümumilikdə ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək. Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilən Zabux və Sus kəndləri bu ilin sentyabr ayına qədər tamamilə inşa edilib sakinlərinin sərəncamına veriləcək.

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına reallaşdırdığı səfərlər mühüm məqamlarla yadda qaldı: “Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərini qarşıladı. Dövlətimizin başçısının hər bir səfəri Böyük Qayıdışın daha da sürətləndirilməsinə xidmət edən mühüm addımlarla zəngindir. Yeni obyektlərin istifadəyə verilməsi, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi, bu və ya digər obyektlərdə görülən işlərlə tanışlıq və sair kimi işlərin hər birinin Prezident İlham Əliyevin nəzarətində olması hədəfə daha tez çatmağa stimul verir.

Deputat vurğulayıb ki, laçınlıların Laçın şəhərinə məhz may ayında qayıdışının təmin edilməsinin digər rəmzi mənası rayonun may ayında işğal edilməsidir. Laçınlılar 1992-ci ilin mayında işğal altına düşən rayonlarına 31 il sonra qayıtdılar. Artıq üç ildir ki, torpaqlarımızın işğal tarixlərini işğaldan azad edildikləri günlər əvəzləyib. Azərbaycan tarixi Zəfəri ilə torpağına sahib çıxaraq bir qarış torpağını belə düşmənə verməyəcəyini sübut edən xalq olduğunu təsdiqlədi.

Əliabbas Salahzadənin sözlərinə görə, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan bölgədə davamlı sülhün və təhlükəsizliyin təmini, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmiz bunun reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar, keçirilən görüşlər Azərbaycanın diplomatik uğurlarının davamlılığının təsdiqidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi artıq sülh müqaviləsinin imzalanması prosesinin yaxınlaşmasına işarədir. Dövlətimizin başçısı Laçın əhalisi ilə görüşündə bu məqama da xüsusi diqqət yönəldərək bildirdi ki, indi artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb: “Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər”.

Deputat bildirib ki, sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh müqaviləsi imzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, rahat və təhlükəsizlik şəraitində yaşayacağıq. (AZƏRTAC)

Oxşar xəbərlər