Bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutu direktorunun müavini Darya Qrevtsova deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında ilk dəfə iştirak edirdi. Avrasiya İqtisadi Birliyinin layihələrində, o cümlədən Çin ilə “Bir kəmər, bir yol”, ŞƏT və BRICS ilə birgə layihələrdə Azərbaycanın iştirakı məsələləri müzakirə olunub. Bu layihələrin icrasında Azərbaycanın rəyi nəzərə alınır. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü də keçirilib. Gördüyümüz kimi, ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir, liderlərimiz arasında anlaşılma və qarşılıqlı hörmət mövcuddur”, - deyə ekspert bildirib.
Ermənistan-Azərbaycan nizamlanması barədə danışan D.Qrevtsova yüksəksəviyyəli Moskva görüşünü “orta dərəcədə müsbət” kimi dəyərləndirərək deyib: “Ən mühüm odur ki, görüşdə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyiblər. Bu, o deməkdir ki, Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını etiraf edir. Qarabağın erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi qalır. Azərbaycanın qüdrətini və ölkə rəhbərinin istəyini bilərək, biz əminliklə deyə bilərik ki, sülh sazişində heç vaxt Qarabağın statusu barədə heç bir əlavə maddə olmayacaq. Ehtimal ki, Qarabağın erməni mənşəli əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üzrə “yol xəritəsi” təklif olunacaq”.
D.Qrevtsova dəqiqləşdirib ki, gələn həftə təşkil olunacaq üç ölkənin Baş nazirlərinin müavinlərinin görüşündə sərhədlərlə bağlı məsələ müzakirə olunacaq. “Bir çox ölkələrin maraqları daxilində olan kommunikasiyaların açılması istiqamətində də iş gedir. Bu cür görüşlər gələcəkdə sülh sazişinə nail olmaq üçün indi həlli vacib olan problemləri də, perspektivləri də daha dəqiqliklə müəyyən etmək imkanı verir”, - deyə ekspert vurğulayıb. (AZƏRTAC)