22.11.2024, 01:49
AZ EN
30.04.2023, 14:00 201

Ekspert: Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik hər iki ölkəyə ciddi nailiyyətlər qazandırıb

XƏBƏRLƏR

Prezident İlham Əliyevin İstanbulda keçirilən “TEKNOFEST” festivalının açılış mərasimdə səsləndirdiyi fikirlər həm informativdir, həm də mesaj xarakterlidir. Çıxışın informativ tərəfi budur ki, Azərbaycan Prezidenti Türkiyədə istehsalına başlanılan son texnoloji avadanlıqların Azərbaycana gətiriləcəyini, burada da tətbiq ediləcəyini bildirdi. Azərbaycanda Bayraqdar Mərkəzinin yaradılacağının, “Kızılelma” pilotsuz zərbə təyyarələrinin ölkəmizin hava məkanında görünəcəyinin, “Togg” elektromobillərinin kütləvi alışının təşkil ediləcəyinin anonsunu verdi. Bu anonslar daşıdıqları informasiyalarla yanaşı, ehtiva etdikləri mesajlar baxımından da çox önəmlidirlər. “Kızılelma” əslində pilotsuz idarə olunan reaktiv qırıcı təyyarə funksiyasını yerinə yetirir və hava məkanının qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev “havada “Kızılelma”, dənizdə "Anadolu", quruda “Altay" və "Togg" olacaq” fikrini səsləndirməklə bütün dünyaya mesaj verdi ki, Azərbaycanla Türkiyə arasında hərbi, siyasi, iqtisadi müttəfiqlik daha yüksək səviyyəyə çatdırılacaq.

Bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ekspert qeyd edib ki, “TEKNOFEST” festivalının açılış mərasimində Azərbaycan Prezidentinə yüksək ehtiramın göstərilməsi də dünyaya verilən mesajlar kontekstində dəyərləndirilə bilər. Prezident Rəcəb Tayyib Ərdoğanın və bütövlükdə Türkiyə dövlətinin Azərbaycanla müttəfiqlik münasibətlərindən məmnunluğunun ifadəsi kimi qəbul edilə bilər. Türkiyə Prezidentinin festivalın keçirildiyi məkana öz xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə, həm də “Togg” avtomobili ilə gəlməsi verilən mesajları qüvvətləndirir. Azərbaycanla Türkiyə arasındakı müttəfiqliyin hər iki ölkəyə ciddi nailiyyətlər qazandırmasından məmnunluğu ifadə edir.

“Ərdoğanın komandası Türkiyəni dünyada söz sahibi olan güc mərkəzlərindən birinə çevirə bilib. Bu gün qardaş ölkə təkcə NATO dövlətləri arasındakı hərbi gücünə görə deyil, həm də iqtisadi nailiyyətlərinə, siyasi çəkisinə, qlobal proseslərdə oynadığı rola görə diqqət çəkir. Türkiyə son 21 il ərzində həm siyasi, həm də iqtisadi baxımdan sürətli inkişaf yolu keçərək “Böyük İyirmilik” (G20) sırasına daxil olub. “Böyük İyirmilik”də yer alması Türkiyənin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Bununla yanaşı, Türkiyə dünyada söz sahibi olan əsas güc mərkəzlərindən birinə çevrilmək üçün Türk Dövlətlər Təşkilatına (TDT) istinad edib. TDT-nin mərkəzində isə bünövrə olaraq Azərbaycan-Türkiyə müttəfiqliyi dayanır.

Türkiyə bu gün həm siyasi güc mərkəzi, həm də yüksək texnologiyaların tətbiq və istehsal olunduğu ölkəyə çevrilir. Ən yeni texnologiyalar əsasında PUA-ların istehsal olunması Türkiyənin hərbi qüdrətini artırmaqla yanaşı, onun yüksək texnologiyalara əsaslanan sənaye ölkəsinə çevrildiyini göstərir. “Togg”, "TCG Anadolu”, “Kızılelma” istehsalının başlanılması buna əyani sübutdur. Bütün bu texnologiyaların ilk tətbiq edildiyi birinci ölkə olaraq Azərbaycanın seçilməsi deməyə əsas yaradır ki, Türkiyənin bu nailiyyətlərinin əldə edilməsində Azərbaycanın töhfələri vardır. Təsadüfi deyil ki, “Togg” elektromobilinin ilk iki nüsxəsi Prezident Rəcəb Tayyib Ərdoğana və Prezident İlham Əliyevə təqdim edilib. Bu, “Bir millət, iki dövlət” məntiqinə əsaslanan müttəfiqliyin bariz nümunəsidir",- deyə M.Ələsgərli vurğulayıb.

Onun fikirlərinə görə, Türkiyə və Azərbaycanın mövcud hakimiyyətlərinin tarixi töhfələrindən biri də budur ki, onlar milli-mənəvi əsasda qurulmuş müttəfiqliyi iqtisadi, siyasi, hərbi maraqlarla uzlaşdıraraq ittifaq səviyyəsinə yüksəltməyi bacardılar. Son 20 ildə yüksək səviyyəyə çatdırılan bu müttəfiqlik hər iki ölkəyə yalnız nailiyyətlər gətirib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR