Səfirlikdən bildiriblər ki, bəyanatda qeyd olunub: “Ərəb Elektron Media və Davamlı İnkişaf Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş iki əsgərə işgəncə verilməsini qətiyyətlə pisləyir və bu hadisəni ən sərt şəkildə qınayır. Əl-Səvvağ qeyri-insani rəftarın və əsirlərə işgəncə verilməsi hadisəsinin Ermənistanın etnik zəmində zorakılıq və işgəncə modeli olduğunu vurğulayıb”.
Bəyanatda qeyd edilib ki, Əl-Səvvağ Ermənistan tərəfindən iki əsirə qarşı tətbiq edilən zorakılıq və işgəncə hallarının 1949-cu il Cenevrə konvensiyalarının, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nın və beynəlxalq humanitar hüquq və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulması olduğunu bildirib.
Digər bir xüsusda, Ərəb Elektron Media və Davamlı İnkişaf Birliyi Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılışında iştirak edən ölkələrin bayraqlarının nümayişi zamanı Azərbaycan Bayrağının yandırılmasını pisləyib. Birlik beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu hadisəni kəskin şəkildə pisləməyə çağıraraq, Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinin vacib olduğunu bəyan edib. ("AZERTAC")