Heydər Əliyev Rusiya və onun regionları ilə dostluq və mehriban qonşuluq əlaqələri qurulmasını, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın və konstruktiv tərəfdaşlığın möhkəmlənməsini Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən biri hesab edirdi.
Bu fikirlər Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin məsləhətçisi Elmira Yusifli tərəfindən AZƏRTAC-a təqdim edilmiş məqalədən götürülüb. Məqalədə deyilir: “Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın əsasını qoymaqla iki dövlət arasında dostluq münasibətlərinin qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm rol oynayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi əsasını formalaşdıran əsas sənəd 1997-ci il iyulun 3-də imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında Müqavilədir. Rusiya Federasiyasının regionları ilə birbaşa işgüzar əlaqələrin inkişafı bu münasibətlərin ən mühüm komponentidir. Son illərdə Rusiya və Azərbaycan regionları arasında əməkdaşlıq haqqında 40-a yaxın saziş imzalanıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyev haqqında danışarkən deyirdi ki, “o həqiqətən Rusiyanın böyük dostu idi. Biz bunu hiss edir və çox yüksək qiymətləndirirdik. Bütün bu illər ərzində Azərbaycan MDB məkanında rusdilli məktəblərin bağlanmadığı az sayda ölkələrdən biri idi. Azərbaycanda rusdilli nəşrlərin sayı sovet dövrü ilə müqayisədə nəinki azalmayıb, hətta artıb. Heydər Əliyev böyük dövlət xadimi idi. Şübhə etmədən deyə bilərəm ki, o, siyasət nəhəngi idi. Mən ona böyük hörmət bəsləməklə bərabər, onu sevirdim”.
Bütün Rusiyada olduğu kimi, Tatarıstanda da Heydər Əliyev şəxsiyyətinə, onun siyasi müdrikliyinə və dövlət xadimi təcrübəsinə həmişə səmimi hörmət bəsləyiblər. İki respublikanın liderləri – Heydər Əliyev və Mintimer Şaymiyev arasında səmimi dostluq və qarşılıqlı anlaşma münasibətləri vardı.
Tatarıstan Respublikasının birinci Prezidenti Mintimer Şaripoviç Şaymiyev öz müsahibələrində deyirdi: “Heydər Əliyev həm SSRİ-də, həm də bütün postsovet məkanında nüfuzlu lider idi. O, müdrik siyasətçi kimi, ən mürəkkəb vəziyyətlərdə də konstruktiv həllər tapmağı bacarırdı. Həmişə öz xalqı barədə, Azərbaycan haqqında düşünürdü və onun öz ölkəsinin firavanlaşması üçün gördüyü işlərin nəticələri əsrlər boyu qalacaq”.
Heydər Əliyevin şəxsiyyətinə, onun sadəliyinə heyran olduğunu bildirən M.Şaymiyev xatırlayırdı: “SSRİ dövründə qazandığı böyük şöhrət onu dəyişməmişdi. Mən özüm görmüşəm: o, ilk növbədə öz xalqının oğlu kimi doğma Azərbaycan üçün ürəkdən çalışırdı”.
Heydər Əlirza oğlu Əliyev Tatarıstan ilə qarşılıqlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirdi. O deyirdi: “Xalqlarımız eyni tarixi köklərə malikdir, ənənələrimiz mənəvi dəyərlərimiz bir-birinə çox oxşardır, dinimiz eynidir. Bütün bunlar Azərbaycan və tatar xalqları arasında ötən dövrlərdə də, bu gün də sıx əlaqənin, əməkdaşlığın , dostluğun və qarşılıqlı anlaşmanın təməlidir”.
Ulu Öndər vurğulayırdı ki, Azərbaycanda yaşayan tatarlar respublikada elmin və mədəniyyətin inkişafına böyük töhfə veriblər. O deyirdi ki, ikinci minillikdə Azərbaycan səhnəsinin 10 korifeyindən biri SSRİ Xalq artisti, milliyyətcə tatar olan Mərziyə Yusif qızı Davudovadır.
Öz növbəsində, Tatarıstanın inkişafında azərbaycanlıların rolundan danışan Heydər Əliyev qeyd edirdi ki, Azərbaycanın neftçi alimləri, geoloqlar və digər mütəxəssislər Tatarıstanda iri neft yataqlarının kəşfinə və istismarına çox dəyərli töhfə veriblər. XX əsrdə Tatarıstanı “ikinci Bakı” adlandırırdılar.
Azərbaycanın bütün çoxmillətli xalqı kimi, ölkəmizdə yaşayan tatarlar da Heydər Əliyevə hədsiz hörmət bəsləyir, onu sevirdilər.
Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, fotomüxbir Fərid Xayrullin Ümummilli Lider ilə işlədiyi vaxtları xatırlayaraq deyirdi: “Xoşbəxtəm ki, mənə bu böyük insanla və qeyri-adi xarizmaya malik şəxsiyyətlə işləmək səadəti nəsib olub. Onunla çox səmimi münasibətlərimiz yaranmışdı. Məsələn, bir fakt məni heyran etdi ki, səkkiz il ölkədə olmayandan sonra Heydər Əliyeviç məni tanıdı: 1990-cı ildə biz aeroportda onu qarşılayarkən deputat otağında məndən başqa daha 20 nəfər vardı. O, hər kəsin əlini sıxırdı. Mən soruşanda ki, “Siz məni xatırlayırsınız?”, o, “əlbəttə, Xayrullin” deyə cavab verdi”.
Heydər Əliyev Azərbaycan tatarları arasında çoxinsanın, o cümlədən Olimpiya çempionları Rəfiqə Şabanova və Zemfira Meftahatdinovanın şəxsi həyatında, onların idman karyerasının formalaşmasında mühüm rol oynayıb.
Həndbol üzrə Olimpiya çempionu (Monreal, 1976) Rəfiqə Şabanova öz müsahibəsində xatırlayırdı: “Heydər Əliyevin qayğısını həmişə hiss edirdik. O, idmanı çox sevirdi, özü idmanla məşğul olur, idmançıların həyatı ilə maraqlanır, onlar haqqında hər şeyi bilirdi, bu keyfiyyət oğluna da keçib. Heydər Əliyev çox həssas, sadə, yaxşı yumor hissinə malik insan idi. Onunla söhbət etmək asan idi. Həmişə soruşurdu: nə lazımdır, nə kömək edim. O bizə ata kimi idi. Əsl kişi adam idi”.
Stend atıcılığı üzrə Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahatdinova da Heydər Əliyevlə görüşü barədə təəssüratlarını bölüşərək deyib: “Ümummilli Lider Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirirdi. 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarından əvvəl onun bizimlə görüşü bütün idmançılar üçün unudulmaz hadisə oldu. Bu görüşdə o mənə xeyir-dua verdi, böyük qələbələrə ruhlandırdı. Onun ata kimi münasibəti həmin görüşdə iştirak edən idmançıların hər birinə çox güclü təsir bağışladı”.
Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ikitərəfli münasibətlərin qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin böyük xidmətini xüsusi qeyd etmək lazımdır. 1996-cı il noyabrın 20-də Tatarıstanın rəhbəri Mintimer Şaymiyev Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsi dəvəti ilə Azərbaycana rəsmi səfər etdi.
Azərbaycan Prezidenti Tatarıstandan gələn qonağa böyük şərəf göstərərək onu aeroportda şəxsən qarşıladı. Elə həmin gün iki rəhbərin rəsmi görüşü oldu. Bu görüş səkkiz saatdan çox davam etdi.
Heydər Əliyev Mintimer Şaymiyevə müraciətlə söylədiyi nitqində qeyd etdi ki, Azərbaycan və tatar xalqları arasında dostluq həmişə ali, səmimi duyğulara əsaslanıb və tatarlar bilsinlər ki, azərbaycanlıların şəxsində onların həmişə dürüst, etibarlı və sadiq dostları var.
1996-cı il noyabrın 21-də səfər proqramının davamı kimi, prezidentlər Heydər Əliyev və Mintimer Şaymiyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müddətsiz Saziş imzaladılar. Bu Saziş Tatarıstan Respublikasının yeganə dövlətlərarası müqaviləsidir.
Mintimer Şaymiyev Azərbaycana səfərinin gedişində Qarabağdan olan məcburi köçkünlərin yaşadığı rayona da baş çəkib, onların ailələri ilə söhbət edib. Kazana qayıdandan sonra o, həmin köçkünlərə humanitar yardım göstərilməsi barədə sərəncam verib. Zəruri humanitar yüklərlə dolu KAMAZ avtomobil karvanı Bakıya göndərilib.
Bu səfər iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət edib, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni perspektivlər açıb.
Əsası Heydər Əliyev və Mintimer Şaymiyev tərəfindən qoyulmuş əməkdaşlıq müasir mərhələdə respublikaların indiki rəhbərləri İlham Əliyev və Rüstəm Minnixanov tərəfindən uğurla davam etdirilir.
Bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı faydalı münasibətlər davam edir və səmərəli şəkildə inkişaf etdirilir. Müntəzəm surətdə yüksək səviyyədə görüşlər keçirilir, ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Tatarıstan Hökumətlərarası İşçi Qrupu, Azərbaycan Respublikasında Tatarıstan Respublikasının daimi nümayəndəliyi fəaliyyət göstərir, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində münasibətlər dinamik şəkildə inkişaf edir. 2021-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 70 milyon dollar, 2022-ci ildə isə 125 milyon dollardan çox olub.
Tatar və Azərbaycan xalqlarını həmişə qardaşlıq və dostluq telləri bağlayıb. Hazırda Tatarıstanda 20 minə yaxın azərbaycanlı, Azərbaycanda isə 25 mindən çox tatar yaşayır. Tatarıstanda olduğu kimi, Azərbaycanda da başqa etnosların nümayəndələrinin öz milli ənənələrini, mədəniyyətini və dilini qoruyub saxlamaqla bərabər, respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatına tamdəyərli inteqrasiya edə bilmələri üçün hər cür şərait yaradılıb.
Son onilliklərdə Azərbaycan ilə Tatarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi və inkişafı üzrə xeyli birgə iş görülüb. İqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində bir sıra layihələr uğurla həyata keçirilib. Nail olunmuş bütün məqsəd və məsələlər Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına dair Heydər Əliyev tərəfindən seçilmiş strateji kursun nəticələridir. Bu kurs iki ölkənin hazırkı rəhbərliyi tərəfindən ardıcıl surətdə reallaşdırılır.
Son olaraq bir daha qeyd etmək istərdim ki, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyev Sovet İttifaqının, Müstəqil Dövlətlər Birliyinin, Azərbaycanın və Rusiyanın tarixinə son dərəcə dəyərli töhfələr verib. Onun nurlu xatirəsi Azərbaycan, rus, tatar və digər xalqların qəlbində əbədi yaşayacaq”. (AZƏRTAC)