Tədbirdə ictimaiyyət, mədəniyyət, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filmi nümayiş olunub. Ekran əsəri Ümummilli Lider Heydər Əliyevin İçərişəhərə, mədəniyyətimizə, sənət nümayəndələrinə göstərdiyi xüsusi diqqət və qayğısından bəhs edir.
Nümayişdən sonra çıxış edən yaradıcı heyət filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin İçərişəhərin inkişafına çox böyük təsiri olub. O bildirib ki, film çox qısa müddətdə çəkilib. Ekran əsərinin qəhrəmanlarının hər biri vaxtilə Ulu Öndərlə təmasda olub, onların İçərişəhərin təbliğində və təşviqində böyük rolu var. Ş.Seyidzadə yaradıcı komandaya, əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib.
Filmdə Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədov, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, İçərişəhərə ayırdığı diqqətdən danışıblar.
Hazırladı: Mina RƏŞİD