BMT-nin Cenevrədəki Bölməsində keçirilən mərasimi Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsi, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən birgə təşkil olunub.
Mərasimdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsinin baş direktoru xanım Valovaya Tatyana Dmitriyevna Heydər Əliyevin BMT–Azərbaycan əlaqələrinə xüsusi önəm verməsi barədə fikirlərini bölüşərək bu sahədə ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, dahi şəxsiyyətin dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasında göstərdiyi səylərindən danışıb.
Sonra Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsinin baş direktorunun kabinet rəhbəri, həmçinin “Heydər Əliyev həyatının 100 anı” kitabının redaksiya heyətinin üzvü David Çikvaidze çıxış edib. Heydər Əliyevlə görüşlərinin təəssüratını bölüşən natiq bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev mahir dövlət qurucusu kimi öz strateji fəaliyyəti ilə ölkəsinin və xalqının işıqlı gələcəyini təmin etməyə nail olub.
D.Çikvaidze Azərbaycana ilk dəfə 1994-cü ilin dekabrında BMT nümayəndə heyətinin tərkibində ölkənin çətin vaxtlarında humanitar ehtiyaclarının müzakirəsi üçün səfər etdiyini xatırladıb. “Nümayəndə heyəti ölkəsini xilas etmək və onu SSRİ-nin süqutundan sonra düşdüyü dərin böhrandan çıxarmaq üçün yenicə hakimiyyətə qayıtmış Prezident Heydər Əliyev tərəfindən qəbul olundu. Heydər Əliyev BMT nümayəndə heyətinin hər bir üzvünü şəxsən salamladı. O, ölkədəki vəziyyəti dərindən təhlil edərək yaranmış durumun Cənubi Qafqaza və bütün Avrasiyaya təsirindən bəhs etdi və bu bizi çox mütəəssir etdi. Biz bilirdik ki, o, adi bir siyasətçi deyil, müasir tarixin mühüm bir simasıdır”, – deyə Çikvaidze əlavə edib.
Heydər Əliyevin qurduğu dövlətin əsasları Prezident İlham Əliyevin rəhbərliyi altında dayanmadan möhkəmlənməyə davam etdiyini xatırladan D.Çikvaidze deyib: ”Azərbaycan həmçinin BMT-nin fəal və konstruktiv üzvüdür.”
Təqdimat mərasimində Azərbaycan və ingilis dillərində nəşr olunan “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev dahi bir şəxsiyyət kimi ölkəni parçalanmaq təhlükəsindən qurtarıb və Azərbaycanı dünyanın tanınan, sabit inkişaf edən dövlətlərindən birinə çevirib. Qeyd olunub ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.
Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, “Heydər Əliyevin həyatının 100 anı” kitabı dünya şöhrətli siyasi və dövlət xadiminin həyat və fəaliyyəti barədə müfəssəl məlumat verməklə bərabər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da nadir nəşrlər sırasındadır.
Xatırladaq ki, “Heydər Əliyevin həyatının 100 anı” kitabının ilk təqdimatı mayın 5-də Bakıda, Atatürk Mərkəzində keçirilib. Xarici ölkələrdəki təqdimatlar isə İstanbulda, Parisdə və İsveçrənin Cenevrə şəhərlərində olub.
Hazırladı: Mina RƏŞİD