Ümummilli Lider Heydər Əliyev ölkənin hər tərəfində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə mətəmadi olaraq görüşür, onların qayğıları ilə maraqlanırdı. Ulu Öndər bəzən belə görüşlərə Azərbaycana səfər etmiş xarici qonaqları da dəvət edirdi. Belə görüşlərdən biri də, 1995-ci il iyulun 15-də Azərbaycana səfərə gəlmiş Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasınn sədri Vladimir Şumeyko ilə birlikdə olub. Ölkə başçısı qonaqla birgə Bakının Nərimanov rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşə gedib və orada nitq söyləyib. Ulu Öndər deyib:
“Hörmətli bacılar, qardaşlar!
Hörmətli həmvətənlər!
Hamınızı ürəkdən salamlayıram. Mən Sizin simanızda bütün Azərbaycanı, öz elindən-obasından, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızı salamlayıram və sizi əmin etmək istəyirəm ki, respublikamızın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması üçün Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı tərk etməsi, ərazilərimizdən çıxarılması, qaçqınlarımızın öz yerinə, yurduna qayıtması üçün əlimizdən gələni edirik və edəcəyik. Buna əmin ola bilərsiniz.
...Hər birinizin vəziyyəti mənim qəlbimi incidir, sıxır. Mən sizinləyəm. Hesab edin ki, o çadırlarda yaşayan qaçqınlarla da bir yerdə yaşayıram. Bu ağır vəziyyətdə yaşayan hər birinizlə mən bir yerdəyəm. Xalqımız da sizinlə birlikdədir. Ona görə də qəhrəmanlığınıza, şücaətinizə, dözümlülüyünüzə görə sizə təşəkkür edirəm. Bilin ki, sizin bu ağır günlərinizi tarix heç vaxt unutmayacaq və bu çətin günləriniz uzun çəkməyəcək, siz öz yerinizə, yurdunuza, vətəninizə qayıdacaqsınız.
Bu gün Rusiya parlamentinin sədri cənab Şumeyko sizinlə görüşə gəlibdir. Sizin vəziyyətinizi o da gözləri ilə görür. Bütün dünyadan buraya gələn nümayəndələr də görürlər ki, 20-ci əsrin sonunda insanlar belə ağır vəziyyətdə yaşaya bilməzlər.
Cənab Şumeyko da görür və güman edirəm ki, özü üçün nəticə çıxarır ki, bu qədər haqsızlığa, ədalətsizliyə, insanların hüquqlarının bu qədər tapdalanmasına yol vermək olmaz.
...Cənab Şumeyko dedi ki, biz Müstəqil Dövlətlər Birliyindəyik. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olmasına mən təşəbbüs göstərmişəm. Ancaq biz Müstəqil Dövlətlər Birliyinə ona görə daxil olmuşuq ki, hər bir dövlət bu birlikdən istifadə edib öz istəyinə nail olsun. Bizim Azərbaycanın da ən böyük arzusu odur ki, Ermənistanın respublikamıza qarşı təcavüzünə son qoyulsun. Ermənistan silahlı qüvvələri işğal etdikləri torpaqlarımızdan geri çəkilsinlər.
Hamı bilir ki, biz sülhsevər xalqıq. Biz istəyirik ki, məsələlərimiz sülh yolu ilə həll edilsin. Daha qan tökülməsini istəmirik. Ona görə də biz sülh yolu ilə gedirik və dünya ictimaiyyətinə, Rusiyaya, rus xalqına və dünyanın bütün böyük dövlətlərinə müraciət edirik. Ancaq bu müraciətlər nəticə verməsə qoy dünyada heç kəs deməsin ki, biz aciz xalqıq. Biz aciz xalq deyilik. Nəyin bahasına olursa-olsun öz torpaqlarımızı geri qaytaracağıq. Son damla qanımızla mübarizə aparıb, bir qarış torpağımızı da yadlara verməyəcəyik.
Bunu bilin və mən əminəm ki, bizim hörmətli qonağımız cənab Şumeykonun buraya bugünkü səfəri, sizinlə görüşü bu məsələlərin həll olunması üçün şübhəsiz ki, yeni şərait yaradacaqdır.
Sizin hamınıza hörmət və ehtiramımı bildirirəm. Sizin hər birinizlə mən daim bir yerdəyəm. Hamınıza cansağlığı arzulayıram və əmin edirəm ki, biz torpaqlarımızı azad edəcəyik. Müstəqil Azərbaycan Respublikası yaşayacaq, öz ərazi bütövlüyünü təmin edəcək, sərhədlərini bərpa edəcək və gələcəyimiz xoşbəxtdir. Sağ olun!”
Hazırladı: Mina RƏŞİD