31.08.2025, 00:28
AZ EN
17.05.2023, 15:56 397

Xalq rəssamı: “Ulu Öndərin rəssamlara ən böyük hədiyyəsi Rəssamlıq Akademiyası olub”

XƏBƏRLƏR
  • Ulu Öndər Heydər Əliyevin vaxtilə rəssamlıq təhsili alması sonralar onun fəaliyyətində yüksək yaradıcılıq əzmini, qurub-yaratmaq şövqünü həmişə qüvvətləndirirdi. Yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Ulu Öndərə böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırıb.  Belə sənətkarlardan biri də Xalq rəssamı Natiq Əliyevdir.

O, Ümummilli Liderlə bağlı xatirələrini Az TV-yə danışarkən bildirib:

-Leninqrada, indiki Sankt-Peterburq şəhərinə göndərilmişdim və orda monomental heykəltaraşlıq üzrə təhsil alırdım. Oxuduğum müddətdə Lenin təqaüdü alırdım və bununla da çox fəxr edirdim. Biz hər il yay aylarında Bakıya qayıdırdıq.  Növbəti dəfə qayıdanda mənə dedilər ki, Heydər Əliyevlə görüş olacaq, siz ora dəvətlisiniz, həm də çıxışınız var. Mənim üçün bu çox məsuliyyətli bir çıxış oldu. Biz çıxışları bitirəndən sonra Ulu Öndər bizimlə tanış oldu, bizə xeyir-dua verdi. Öz çıxışında isə qeyd edlədi ki, biz gəncləri xaricə təhsil almağa göndəririk və onların içərisində Lenin təqaüdü alan da var və mənim adımı çəkdi ki, bu da mənim üçün böyük şərəf idi, böyük məsuliyyət idi. Bu mənim Heydər Əliyevlə ilk canlı görüşüm idi.

Xalq rəssamı deyir ki, Ulu Öndərin rəssamla sonrakı görüşü İncəsənət Universitetində  pedaqoqluq dövrünə təsadüf edir: “O vaxt gənclərin birinci forumu təşkil olunmuşdu. Bizə dedilər ki, İncəsənt Universitetinin Rəssamlıq fakültəsi orda sərgi ilə iştirak eləməlidir. Biz orda foyedə sərgi təşkil elədik. Deməli, rəngkarlıq, qrafik-heykəltaraşlıq və dekoratif tətbiqi sənət nümunələri, tələbələrin əl işlərini orda nümayiş olunurdu. Fasilədə Heydər Əliyev öz ətrafındakı adamlarla bizə yaxınlaşdı və sərgidəki işlərə baxmağa başladı. Çox diqqətlə baxırdı. Orda  çox maraqlı hadisə baş verdi. O, xalçaya yaxınlaşdı, biz xalçanı ipdən asmışdıq. Gəldi, əlini çəkdi xalçaya və xalçanı arxa tərəfə çevirdi və texniki suallar verdi ki, bu sıxlıq nə qədərdi, əl işi nə qədərdi? Mən bunları bilmirdim, sonradan xalçaçılardan soruşdum, öyrəndim ki, sən demə, xalçanın sıxlığı var, Heydər Əliyev bunu bilirdi. Amma mən orda öyrəndim”.

Natiq Əliyev deyir ki, Ulu Öndərin rəssamlara ən böyük hədiyyəsi Rəssamlıq Akademiyası oldu. Həm də rəssamlığa başlamaq istəyənlər üçün bu, yeni ümid qapısı idi və əlavə edir ki,  Heydər Əliyevlə sonra bir görüşüm də oldu: “O vaxt mən gənc heykəltaraş idim. Mənə təklif olunmuşdu ki, Cəlil Məmmədquluzadənin Ev Muzeyi üzərində bir xatirə löhvəsi yaradım, onun üzərində işlədim. Mənə dedilər ki, Heydər Əliyev gələcək, açılışa. Mən yenə çox həyacan keçirdim. Mən, Heydər Əliyevin incəsənətə olan münasibətini bilirdim. Bilirdim ki, O, mütələq iş haqqında orda suallar verəcək, yerli suallar, professional suallar. Həqiqətən də belə oldu: maşından düşən kimi yaxınlaşdı, müəllifi soruşdu ki, kimdi, mən yaxınlaşdım, soruşdu ki, necə hazırlamısan, hansı mövzulardı”, - bu, mənim Ulu Öndərlə son görüşüm idi.

Xalq rəssamı deyir ki, Ulu Öndərin ilk büstü Kiyev şəhərində məhz ona həvalə olunub. Kiyev Rəssamlıq İttifaqının binasından tutmuş, bir sıra digər mədəniyyət işlərində imzası olan Ulu Öndərə bu şəhərdə də xüsusi rəğbət olub.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər