Ermənistan parlamenti sanki, qanun qəbul etmək və digər səlahiyyətləri ilə deyil, məhz dava-dalaş meydanı üçün seçicilərdən səs alıb. Burada hakimiyyət və müxalifət nümayəndələri arasında qanuni müzakirə yox, müxtəlif mövzulu mübahisələr, hətta küçə söyüşləri ilə müşayiət olunan "siyasi diskussiyalar" adi hala çevrilib. Bu gün isə müxtəlif saytlarda yer almış xəbərlərdə həm də deputatların köməkçilərinin "döyüşə qatıldığı" açıq-aydın göstərilir. "Hraparak"ın Vahan Naribekyan ezamiyyətdən yarımçıq qayıtdı" başlıqlı xəbərində parlamentdəki mənbəyinə istinadən deyilir ki, bir qrup deputat köməkçisi baş katib Vahan Naribekyan onlar üçün ayrılmış pul mükafatını vermədiyinə görə etiraz aksiyasına başlayaraq onun istefasını tələb edir. Onlar əvvəllər həmin vəsaiti bərabər miqdarda aldıqlarını, cari ildən isə dəfələrlə müraciət etsələr də, “vəsait yoxdur" cavabını eşitməkdən bezdiklərini vurğulayıblar. Vəziyyətin daha da kəskinləşəcəyindən ehtiyatlanan katiblik nümayəndələri bu haqda yanvarın 24-dən Parisdə ezamiyyətdə olan parlamentin baş katibinə məlumat veriblər. Baş katib Vahan Naribekyanın ezamiyyət vaxtı isə fevralın 2-də sona yetməli olsa da o, səfərini yarımçıq qoyaraq İrəvana qayıtmağı qərara alıb. Müəllif əlavə edib ki, deputat köməkçiləri Yeni illə bağlı bayram mükafatlarını almasalar Avropadakı insan haqqları qurumlarına müraciət edəcəklər.
Xatırladaq ki, müxalif deputatlar bir neçə ay parlamentin işində iştirak etmədiklərinə görə maaşlarının və mükafatların kəsilməsi qərara alınmışdı. Bu isə belə deməyə əsas yaradır ki, həmin qərar sözügedən köməkçilərə də şamil edilib.
N.Qaramanlı