Müxalif deputat Tiqran Abrahamyan bildirib ki, Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərilməsi barədə qərar qəbul etməsi Rusiya meyilli deputatların narazılığına səbəb olub. O, həm müxtəlif mətbuat orqanlarında, həm də əhali ilə görüşlərində bu qərarı kəskin şəkildə tənqid edib. Deyib ki, RF xarici işlər naziri S.Lavrovun, eləcə də müxtəlif rus siyasət adamlarının Avropa İttifaqının Ermənistana missiya göndəcəyi ilə bağlı fikirlərini ötəri hal kimi qiymətləndirmək ən azı diletantlıqdır. Rusiyanın bölgənin əsas oyunçusu olduğunu xüsusi vurğulayan erməni deputat narahat olmasının digər səbəbini də açıqlayıb və deyib ki,Avropa İttifaqı Ermənistanda möhkəmlənəcəyi təqdirdə qonşu İranla münasibətlərdə də soyuqluq yaranacaqdır. 2020-ci il 9 noyabr tarixli üçtərəfli sənədin tələblərini pozduğuna görə erməni hakimiyyətinin Rusiya tərəfindən cəzalanacağına şübhə etmədiyini vurğulayan T.Abrahamyan "Hraparak"ın yanvarın 27-də yaydığı açıqlamasını bu sözlərlə bitirib: "Ermənistan hakimiyyəti RF- Qərb qarşıdurmasını bütün mahiyyəti ilə Ermənistana gətirməyə müvəffəq oldu və ölkəni böyük təhlükələr "poliqonuna" çevirdi".
N.Qaramanlı.