"Vətən səsi" xəbər verir ki, bu barədə Göyçənin qubernatoru Karen Sərkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, qeyd edib ki, Azərbaycan qoşunları 44 günlük müharibədən sonra Göyçə bölgəsi istiqamətində nəzarətə götürdüyü ərazilərdən geri çəkməlidir. Erməni jurnalistlərdən birinin “bəs, geri çəkilməsələr, hansı addım atılacaq” sualına Sərkisyan belə cavab verib: “Onları geri çəkilməyə məcbur etmək üçün başqa vasitələrdən istifadə olunacaq. Müxtəlif amillərdən istifadə oluna bilər, güc variantı da bura daxildir, amma güc son vasitədir”.
Karen Sərkisyan " Azərbaycan qoşunları Göyçə bölgəsindəki ərazilərdən geri çəkməlidir" dedikdə 2022-ci ilin sentyabrında Ermənistanın təxribatından sonra sərhəddə baş verən toqquşmalar zamanı nəzarətə götürülən strateji yüksəklikləri nəzərdə tutur. O vaxt Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə irəliləyərək, strateji mövqelərə yerləşib. Bu ərazilər əsasən işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkməsi nəticəsində “Ermənistan ərazisinə” çevrilib. Ordumuz həmin əraziləri işğalçılardan təmizləməklə tarixi ədaləti bərpa edib. Amma Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan qoşunları onların ərazisindədir, halbuki bu iddiaları heç bir əsası yoxdur. İrəvanda ümid edirlər ki, sərhədin demarkasiyası prosesində Azərbaycan qoşunları əvvəlki mövqelərinə çəkiləcək, lakin rəsmi Bakı bunun olmayacağını qəti şəkildə bəyan edib.
Qubernator Karen Sərkisyanın açıqlaması isə göstərir ki, Ermənistan hücuma keçmək və ordumuzu geri çəkilməyə məcbur etmək ssenarisini hazırlayır. Sarkisyanın sözləri bunun rəsmi etirafıdır. Politoloq Elxan Şahinoğlu erməni qubernatorun söylədiklərini şərh edərkən deyib ki, Sərkisyanın “Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq” açıqlaması blefdir: "Karen Sərkisyan Azərbaycan qoşunlarının Göyçə bölgəsinin ərazilərindən geri çəkməsi vacibliyini səsləndirdikdə erməni jurnalistin “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına yaxalanıb və o, “bu halda güc variantından istifadə edilə bilər, ancaq bu son variantdır” deyib. Görünür, erməni qubernatorun jurnalistin sualına cavab vermək üçün başqa variantı qalmayıb. Halbuki həmin qubernatora da bəllidir ki, Azərbaycan ordusu iki il əvvəl nəzarətə götürdüyü strateji yüksəklikləri tərk etməyəcək".
Politoloq hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Göyçə istiqamətindəki strateji yüksəklikləri geri qaytarmaq üçün hərbi plana yaşıl işıq yandıracağı ehtimalı azdır. Onun fikrincə, belə bir cəhd həm Paşinyan halimiyyətinə, həm də bütövlükdə Ermənistana baha başa gələr: "Paşinyan bunun fərqindədir, ona görə də heç vaxt bu mövzuda nə danışmır, nə də hər hansı açıqlama vermir. Bununla belə, erməni qubernatorun açıqlaması ona dəlalət edir ki, növbəti mərhələdə iki ölkə arasında sərhədin müəyyənləşməsi asan olmayacaq, bu gözlənilən idi".
Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycanla sərhədlərin 1976-cı ilə xəritələri əsasında delimitasiya edilməsinin mümkünlüyünü gündəmə gətirir. Mütəxəsislərin fikrincə, İrəvanın məqsədi keçmiş sovet dövründə olan ən böyük ərazinin özlərinə məxsus olduğunu sübut etməkdir. Azərbaycanın isə həm keçmiş, həm də indiki reallıqlar kontekstində sərhədlər və ərazilərlə bağlı əsas prinsipial mövqeyi tarixi ədalətə əsaslanır. Başqa sözlə, ölkəmizə qarşı keçmiş bolşevik Rusiyası vaxtında həyata keçirilmiş tarixi ədalətsizlik aradan qaldırılmalıdır. Bu baxımdan Azərbaycanın istəyi məntiqli və əsaslıdır. Sözsüz ki, bu kimi məsələlər danışıqlar prosesində öz həllini tapacaq.
"Göyçə və Zəngəzur mahalı ətrafında tarixi reallıqlar nəzərə alınmalıdır. Çünki Azərbaycan xalqı keçmiş sovet dövründə həmin ərazilərin qoparılması faktı ilə heç vaxt barışmayıb və barışa da bilməz. Ona görə də buna son qoyulmalı, Azərbaycanın öz tarixi torpaqlarına sahibliyi qəbul edilməlidir", - deyə Elxan Şahinoğlu əlavə edib.
Elxan SALAHOV