Bunu “TRT Haber”ə diplomatik mənbələr bildirib.
Məlumata görə, Ankara və İrəvan arasında konsulluq xidmətləri ilə bağlı işlər uğurla davam edir: “Türkiyə ilə Ermənistan arasında həyata keçirilən müzakirələr nəticəsində hava yolu ilə yükdaşınmaları mümkün olub. Bu, iki ölkə arasındakı iqtisadi əlaqələr üçün mühüm töhfədir”.
Qeyd olunub ki, iki ölkə arasında internet əlaqələri qurulub.
“Qarşılıqlı uçuşlar yaxşı davam edir. İnsanlar arasında təmas başlayıb və rahat şəkildə gedib-gəlirlər. Normallaşma prosesində gözlə görülməyən hadisələr də olub. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar. Çünki Ermənistanla əlaqələr yox idi. İndi internet əlaqəsi yaradılıb. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi. İndi açıqdır. Konsulluq işləri də çox yaxşı gedir. Bəzi humanitar addımlar da atılır”, - diplomatik mənbə bildirib.
Məlumata görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib: “Amma bundan sonrakı müzakirələr ya Türkiyədə, ya da Ermənistanda baş tutacaq”.
Bundan başqa, diplomatik mənbələr, Ankaranın İrəvanla münasibətlərin normallaşması səylərində səmimi olduğunu xatırladıb.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub. Bu ilin yanvar ayında Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb. (Report)