10.04.2026, 13:13
AZ EN
08.04.2026, 14:17 182

Paşinyan rəqibini aşağıladı: "Kaluqalı Samvel, qorxuram..."

XƏBƏRLƏR
  • İyulun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Baş nazirliyə namizədliyini irəli sürmək istəyən rusiyalı milyarder Samvel Karapetyanla hazırkı hökumət lideri Nikol Paşinyan arasında davam edən mübarizə gündən-günə daha sərt xarakter almağa başlayıb. İş o yerə çatıb ki, Baş nazirliyə namizəd olan rəqiblər bir-biri ilə hədə-qorxu dilində danışmağa başlayıb.

"Vətən səsi" xəbər verir ki, tərəflər arasında gərginlik Paşinyanın aprelin 1-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra pik həddə çatıb və bu, ölkənin bütün siyasi elitasına sirayət edib. Ermənistan mətbuatının yazdığına görə, rusiyalı milyarder, müxalif "Güclü Ermənistan" partiyasının baş nazirliyə namizədi onunla mübarizə aparmaqdan çəkinməməyə çağırması hazırkı hökumət başçısını özündən çıxarıb. Rəqiblər arasında atmaca xarakterli siyasi müzakirələr artıq sosial şəbəkələr üzərindən davam etdirilir. Nikol Paşinyan özünün sosial media hesabında paylaşım edərək guya, Samvel Karapetyana ironiyalı cavab verib: "Kaluqalı Samvel öz əlaltıları vasitəsilə məni qorxmamağa çağırır. Necə qorxmayım, qorxuram axı?! “Qorxuram ki, ilin sonuna qədər milyarderdən evsiz birinə çevriləcəksən".

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan da liderinin müdafiəsinə qalxıb və o, Samvel Karapetyanın adından sosial media səhifəsində dərc olunmuş bəyanatları "savadsız və səbiyyəsiz yazılmış mətn" adlandırıb. O, hətta Ermənistanın Baş naziri olmaq istəyən Karapetyanı yazıb-oxuya bilməməkdə ittiham edib: "Seçkilərdə namizəd kimi iştirak edərək Ermənistanın Baş naziri olmağa iddialı rusiyalı oliqarx Samvel Karapetyan savadsızdır, nə oxuya, nə də yaza bilir. Savadsız olduğu üçün onun adından paylaşılan mətnləri özünün yazmadığı aşkar və mübahisəsizdir. O qədər savadsızdır ki, ona verilən yazılı mətni belə, üzündən oxuya bilməz. Buna görə də ictimaiyyətin qarşısına çıxmır, öz ağzı ilə danışmır. Bəs, belə olan halda onun mətnlərini kim yazır?".

Xatırladaq ki, Samvel Karapetyan ötən il iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə həbs edilib. Həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan ölkəni tərk etməmək şərtilə azadlğa buraxılandan sonra qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətini açıqlayıb. Partiyası onun Baş nazirliyə namizədliyini rəsmən irəli sürüb, amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl var. Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Paşinyanla görüşərkən onun seçkilərdə iştirakına şərait yaradılmasını xahiş etsə də, Ermənistan lideri bu xahişi rədd edib.

Elxan SALAHOV

Oxşar xəbərlər