"Vətən səsi" xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nun erməni xidməti - "Azatutyun" məlumat yayıb. Bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 13-də Brüsselə məktub göndərərək hibrid təhlükələrə qarşı sürətli reaksiya qrupunun göndərilməsini tələb edib. Eyni tipli, təxminən 20 nəfərlik qrup keçən il parlament seçkilərində Moldovaya göndərilmiş və sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın vaxtında aşkarlanması və qarşısının alınmasına kömək etmişdi.
Məlumatda o da qeyd edilir ki, həm Brüssel, həm də Kişinyov layihəni uğurlu hesab edib, Avropa İttifaqının indi eyni tədbiri Rusiyanın seçkilərə gözlənilən müdaxiləsi fonunda Ermənistanda tətbiq etmək istəyir.
"Azatutyun"ın əldə etdiyi sənədlərə görə, Avropa İttifaqı İrəvanı həm iyun seçkilərində, həm də Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesində dəstəkləmək niyyətindədir. Məqsəd Rusiya tərəfindən ölkədə sabitliyi poza biləcək fəaliyyətlərin qarşısını almaqdır. Məhz buna görə Avropa İttifaqına üzv ölkələr diplomatik korpus və Xarici Əlaqələr Xidmətinə müraciət edərək, Ermənistana dəstəyin səbəbini izah etmək və sülh prosesinə mənfi təsirlərin qarşısını almaq vacibliyini vurğulamaq üçün Azərbaycanla əlaqəni davam etdirməyə çağırıblar.
"Azadlıq radiosu" öz mənbələrinə istinadən bəyan edir ki, missiya mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitindən əvvəl fəaliyyətə başlamalıdır, buna görə mart ayında qərar qəbul edilməlidir.
Elxan SALAHOV