"Vətən səsi" xəbər verir ki, bunu Ermənistandakı hakim "Vətəndaş Müqaviləsi” partiyasının üzvü Ernest Qazaryan deyib. O, bildirib ki, 40 ilə yaxın silahlı münaqişə vəziyyətində olan Azərbaycanla Ermənistan arasında sülhün əldə ediləcəyi bir çoxları üçün gözlənilməz olsa da, indi bu, reallıqdır: "Sülh artıq reallıqdır, qan tökülməsi dayanıb. Sülhün bərqərar olmasından sonra iki ölkə arasında iqtisadi və diplomatik münasibətlər bərpa olunur. Artıq Azərbaycandan Ermənistana tranzit yüklər daşınır, İrəvan küçələrində şütüyən maşınlar Bakıdan gətirilən yanacaq işlədir. Bu, çox böyük nailiyyətdir və indi hamı anlayır ki, doğrudan da qısa müddət ərzində real sülhün əldə olunması üçün ciddi iş aparılıb".
Erməni siyasətçi Azərbaycanla münasibətlərin normallaşdırılması fonunda Türkiyə ilə də əməkdaşlıq imkanlarının yaranması təkcə Ermənistana deyil, bütövlükdə regionun inkişafına, yerli iqtisadiyyatın dünyaya inteqrasiya olunmasına müsbət təsir göstərir. Onun fikrincə, hazırkı şəraitdə Ermənistan-Türkiyə münasibətləri Ermənistanla Azərbaycan arasında normallaşma qədər önəmlidir: "Uzun illər belə bir siyasət aparılırdı ki, Türkiyə Ermənistanı məhv etmək, müstəqil və suveren dövlət kimi varlığına son qoymaq istəyir. Əgər Türkiyə bizi yox etmək istəsəydi, çoxdan bunu etmişdi. Qarabağ məsələsinə görə qapadılan sərhədlərin yenidən açılması belə bir niyyətin olduğunu inkar edir. Azərbaycanla sülh danışıqlarının yekun nəticələrindən sonra Türkiyə ilə əlaqələr daha da genişlənəcək. Sərhədlərin açılmasından sonra Ermənistan dövləti və xalq Türkiyə bazarına daxil olacaq, qazanc əldə etmək imkanları qazanacağıq. Ona görə də Türkiyə ilə münasibətlərimizi mümkün qədər qısa müddətdə normallaşdırmalıyıq".
Ernest Qazaryan Azərbaycanla sülh prosesinin gözlənildiyindən də yaxşı səviyyədə davam etdirilməsində , türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların uğur qazanmasında Paşinyan hökumətinin və onun komandasının əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb. O, qeyd edib ki, "Vətəndaş Müqaviləsi” partiyasının yürütdüyü siyasi xətt Ermənistana sülh, erməni xalqına xalqına isə müharibəsiz və dinc həyat gətirib: "Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyan və onun rəhbəri olduğu "Vətəndaş Müqaviləsi" partiyası növbəti qələbənin astanasındadır".
Elxan SALAHOV