"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü Anahit Adamyan deyib. O bildirib ki, "Tramp marşrutu" adlandırılan Zəngəzur dəhlizi də daxil olmaqla bütün problemlərin həlli üçün bir formul var: "Bu formul sülh və qonşularla dinc və mehriban qonşuluq münasibətlərinin qurulmasından ibarətdir. Əgər bölgələri birləşdirmək yolunu seçiriksə, dəmir yolu əsas problemlərdən birinə çevriləcək, məsələ ən qısa vaxtda həll edilməlidir".
Bununla belə, xanım siyasətçi bildirib ki, Rusiyanın hazırkı hakimiyyəti Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında və münasibətlərin normallaşmasında maraqlı deyil. Moskva həmçinin Ermənistanın Rusiyanının iqtisadi asılılıqğından çıxmasını da istəmir. Onun sözlərinə görə, Ermənistanın dəmir yolu şəbəkəsi mümkün olan ən qısa zamanda Rusiyadan geri alınmalıdır: "Bu məsələ tez həll olunmalıdır, dəmir yolu milliləşdirilməlidir, rusların ənənəvi "birisi gün" məntiqi ilə hərəkət etməməliyik. Çünki heç kimə sirr deyil ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəmir, üstəlik Türkiyə ilə sərhədlərinin açılmasına və "Tramp marşrutu" layihəsinin icrasına da qarşıdır. Amma artıq gecdir, Rusiya oyunu uduzub".
Anahit Adamyan Moskvanın Ermənistanda bir sıra siyasi fiqurlardan öz məqsədləri üçün yararlanmağa çalışdığını da qeyd edib. O, qeyd edib ki, keçmiş prezident Robert Köçəryan və hazırda hakimiyyətə iddialı olan Samvel Karapetyan özgələri üçün qazdıqları quyuya özləri düşəcək: "Erməni xalqı İrəvanda və Moskavada baş verənləri də, gizli danışıqları da başa düşür. Hamı bilir ki, onlar bir mərkəzdən idarə olunur və məqsədləri Ermənistanın gələcək inkişafının qarşısını almaqdır".
Elxan SALAHOV