10.02.2026, 18:16
AZ EN
10.02.2026, 13:25 261

Simonyan Lavrovla 1 saat 40 dəqiqə nədən danışıb...

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin sədri Alen Simonyan bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirilən görüşün təfərrüatlarını açıqlayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, Simonyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib ki, onun Lavrovla görüşü 1 saat 40 dəqiqə davam edib. Onun sözlərinə görə, görüşdə hər iki tərəfdə qarşılıqlı narahatlıq doğuran məsələlər müzakirə olunub.

"Mən bizim narahatlıqlarımızı, onlar isə öz iradlarını bildirdilər. Lakin suallarla yanaşı, Ermənistana investisiya qoyuluşu, infrastruktur layihələrinin bərpası və tikintisi, həmçinin Rusiyada Ermənistan mədəniyyəti günlərinin keçirilməsi kimi praktiki məsələlər ətrafında mühüm müzakirələrimiz oldu", - deyə Ermənistan parlamentinin sədri bildirib.

Simonyan onu da qeyd edib ki, o, Rusiya tərəfinə Ermənistandakı müxtəlif infrastrukturların, o cümlədən daxili dəmir yollarının Zəngəzur dəhlizinə qədər olan hissəsinin yenidən qurulması və istismarında iştirak etməyi təklif edib. Lakin Lavrov bu təklifə konkret münasibət bildirməyib. Hazırda isə Ermənistan rəhbərliyi bununla bağlı rəsmi Moskvadan cavab gözləyir.

Rusiya rəhbərliyinin Ermənistan hakimiyyətindən narazılıqlarına gəlincə, Alen Simonyan bildirib ki, Lavrovla görüş zamanı bu məsələlərə geniş yer ayrılıb. Onun sözlərinə görə, Rusiya rəsmilərinin müxtəlif vaxtlarda və səviyyələrdə səsləndirdiyi iddiaların bəzilərinə Xarici İşlər naziri ilə görüşdə daha detallı şəkildə cavab verilib: "Mən onlara Ermənistan ərazisində "xüsusi hərbi əməliyyat" keçirilməsi ilə bağlı səslənən fikirlərdən narahatlığımızı çatdırdım. Sergey Lavrov bildirdi ki, belə bir şey yoxdur və bu fikirlər sadəcə ayrı-ayrı şəxslərə məxsusdur".

Alen Simonyan jurnalistlərlə söhbəti zamanı bu ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Moskvadan gözlənilən mümkün təsirlərdən, siyasi təzyiq vasitələrindən də danışıb. O, qeyd edib ki, Moskvadakı görüş zamanı Rusiya nümayəndə heyəti Ermənistanın daxili və xarici siyasətinə müdaxilədə maraqlı olmadıqlarını bir daha bəyan edib.

Elxan SALAHOV

Oxşar xəbərlər