"Vətən səsi" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. "Sabah" qəzetində Qərb şirkətlərinin Ermənistanın texnoloji sektoruna qoyduğu böyük investisiyalara həsr edilmiş məqalədə Ermənistana yatırılan investisiyaların Türkiyə üçün risk yaratdığı qeyd olunur. Müəllif iddia edir ki, “Nvidia” şirkətinin Ermənistanda süni intellekt mərkəzi yaratmaq təşəbbüsü kimi 500 milyon dollara qədər başa gələn layihələr Türkiyə üçün daha böyük risklər vəd edir.
"D!igər bir təhlükə regionun informasiya və rəqəmsal arxitekturasının Türkiyədən ayrı formalaşdırılması perspektivləridir. Bu cür inkişaf uzunmüddətli perspektivdə Türkiyənin strateji təsir məkanını daralda bilər", - deyə məqalədə bildirilib.
Türk nəşri Ərdoğan hakimiyyətini Ermənistanın hərəkətlərini seyr etməməyə və dərhal strateji xarakterli əks tədbirlər görməyə çağırıb. Qeyd olunur ki, rəqəmsal sahədə Türkiyə-Azərbaycan əməkdaşlığını dərinləşdirmək daha vacibdir: "Bakı və Ankara arasında strateji tərəfdaşlıq süni intellekt, məlumatların qorunması və kibertəhlükəsizlik sahələrini də əhatə etməlidir. Həmçinin birgə verilənlər bazalarının və regional "bulud bazasının" yaradılması, eləcə də ölkələrin müdafiə qabiliyyətlərini artırmağa yönəlmiş süni intellekt layihələrinin həyata keçirilməsi nəzərdən keçirilə bilər".
Yeri gəlmişkən, Avropa İttifaqının Rusiyanı çirkli pulların yuyulması riski yüksək olan dövlətlər siyahısına daxil etməsi barədə qərarından sonra bir sıra ölkələrin investisya siyasətini sərtləşdirib. Buraya rusiyalılar üçün bank əməliyyatları üzrə hesablaşma şərtləri də daxildir. Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artması fonunda Ermənistan da həmin ölkələrin sırasına qoşulub. Belə ki, Ermənistanın kredit təşkilatları rusiyalılara hesab açmaqdan və əməliyyatlar aparmaqdan imtina etməyə başlayıb.
Elxan SALAHOV