13.12.2024, 17:35
AZ EN
13.12.2024, 13:49 210

Britaniyalı analitik: Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması mümkündür, aralıq mərhələdə tərəflər sülh müqaviləsinin mətninin artıq razılaşdırılmış 15 maddəsini paraflaya bilərlər.

Bu barədə Britaniyadan olan analitik, jurnalist Onnik Krikoryan bildirib.

Onun sözlərinə görə, bəziləri hesab edir ki, Bakı və İrəvan arasında "soyuq sülh" yarana bilər ki, bu zaman döyüş əməliyyatları olmayacaq, lakin qarşılıqlı əlaqə və əməkdaşlıq məhdud qalacaq, hərçənd zamanla tədricən yaxşılaşacaq.

"Lakin normallaşma prosesi daha çox vaxt apara bilər. Hazırda əsas vəzifə heç olmasa qismən normallaşmaya nail olmaqdır. Şəxsən mən bu məsələdə böyük ümid bəsləyirəm. Mən Qarabağ münaqişəsini 1994-cü ildə, ilk dəfə regiona səfər edəndə işıqlandırmağa başlamışam. Həmin tarixdən 30 il keçib, şübhəsiz ki, vəziyyəti qaydaya salmağın vaxtı çoxdan çatıb. Bununla belə, mən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiv Mannın 2005-ci ildə dediyi sözləri xatırlatmaq istərdim. Sülh sazişinə nail olmaq müddəti barədə soruşulanda o, qısaca cavab vermişdi: "Ya bu il, ya da növbəti 100 il ərzində". Bu sözlər hələ də yaddaşımdadır", - jurnalist bildirib.

Analitikin fikrincə, normallaşma prosesi qeyri-müəyyən olaraq qalır və çox şey cari qlobal siyasi vəziyyətdən asılıdır.

"Görünür, hər iki tərəf Donald Trampın Ağ Evə köçməsini gözləyir. Digər tərəfdən, Bayden administrasiyası bu ilin sonuna qədər sülh sazişinin imzalanmasını çox istəyir. Lakin Trampın mövqeyinin necə olacağı və bu prosesdə iştirak etməyi zəruri hesab edirmi hələ məlum deyil", - O.Krikoryan qeyd edib.

Analitik vurğulayıb ki, Ermənistanda ən geci 2026-cı ilin iyununda keçirilməli olan parlament seçkilərinə qədər sülh sazişinin imzalanması üçün baş nazir Nikol Paşinyanın komandasının fəaliyyəti vacibdir.

"Hesab edirəm ki, Paşinyan bu vaxta qədər sülh sazişini imzalamalıdır. Bundan əlavə, o, yəqin ki, 2027-ci ildə yeni konstitusiyanı referenduma çıxarmağa ümid edir. Əgər referendumun keçirilmə müddəti sülh prosesini ləngidərsə, o zaman heç olmasa gələn il tərəflər hansısa bəyannamə imzalaya bilərlər", - jurnalist qeyd edib.

O.Krikoryan ümidvardır ki, hətta danışıqlar dalana dirənsə belə, tərəflər sülh müqaviləsi mətninin 17 maddəsindən artıq razılaşdırılmış 15 maddəsini paraflaya bilərlər: "Bu, hər iki ölkənin əhalisi üçün yekun sazişin əlçatan olduğunu göstərən mühüm siqnal olacaq". (Report)

Oxşar xəbərlər