"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib. O, bildirib ki, Vladimir Putinin Bakıda müzakirə elədiyi qaz, enerji və kommunikasiyaların açılması və sair aktual məsələlərlə bağlı addımlar Ankara və Bakı arasında koordinasiya olunur. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın tələbləri qarşısında geri çəkilib: "Azərbaycan sülh sazişi olmadan da tələblərini Ermənistana qəbul etdirir. Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edib, anklavları Azərbaycan ərazisi kimi tanıyıb, indi də Minsk qrupunu ləğv etməyə hazır olduğunu bəyan edir. Yəni, Ermənistan heç bir müqavilə olmadan yavaş-yavaş Azərbaycan və Türkiyənin şərtlərini yerinə yetirir”.
Politoloq vurğulayıb ki, hazırda Bakı və Ankaranın ən vacib tələbi Zəngəzur dəhlizi ilə bağlıdır: “Azərbaycan Bakıdan Naxçıvana heç bir yoxlama və maneə olmadan çatmaq istəyir, Ermənistan da bildirir ki, bura onun suveren ərazisidir və sərhəd məntəqələri olmalıdır. Ermənistan bir orta vəziyyət təklif edir, buna görə, əraziyə təhlükəsizlik məsələləri ilə məşğul olan hansısa beynəlxalq özəl təşkilat nəzarət etsin. Yəni Ermənistan dəhliz məsələsində geri addım atmağa hazırdır”.
Elxan SALAHOV